Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində keçid məntəqələrinin yaradılması ilə bağlı paylaşım edib. Paşinyan bu barədə tvitter hesabında bunları yazıb:
“Bir neçə aydır Ermənistan hökuməti Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasını təmin edəcək 3 buraxılış məntəqəsinin açılması ilə bağlı ilkin qərarı müzakirə edir və Azərbaycanın reaksiyasını gözləyir”.
Azərbaycan XİN-in tvitter hesabında Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavab olaraq bildirilib ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil-dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”.
Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.
Paşinyan bu mövqeyi ilə hansı niyyəti güdür?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın yeni oyunbazlığı rəsmi İrəvanın problemlərlə bağlı ciddi yanaşmasının olmadığını bir daha göstərdi: “ O çalışır ki, Azərbaycanı ikili vəziyyətdə qoysun. Və bu ideya, çox güman ki, Makronun emalatxanasında ərsəyə gəlib. Birgə bunun üzərində işləyiblər, indi bizi fakt qarşısında qoymağa çalışırlar. Amma burda təəccüb doğuran odur ki, Ermənistan və ona hərbi dəstək verən havadarları bu oyunların Azərbaycan üçün keçərli olmadığını hələ də anlamırlar. Çünki Azərbaycan öz yanaşmasını həm qonşu dövlətlərlə razılaşdırıb, həm də Türkiyə ilə. Rusiya, İran və Gürcüstanın da bu məsələyə münasibətləri var. Bunların hamısı Ermənistanın öhdəlikləri olduğu halda, necə ərsəyə gələ bilər? Heç vaxt Azərbaycan buna imkan verməyəcək. Aydın məsələdir ki, Ermənistan çalışır təşəbbüsü ələ keçirsin. Nikol Paşinyanın əlləri boşdur. Böyük ümidlərinin hamısı Praqa ilə bağlı idi. Ancaq Makronun qatılması heç bir şeyi həll edə bilmədi. İndi də çalışırlar Azərbaycana təlqin etsinlər ki, guya biz sizə üç keçid veririk. Sözdə bu çox gurultulu səslənir. Əslində isə bu planda heç bir rasionallıq yoxdur. Bu, sözün əsl mənasında bir oyundur. Yəni biz Zəngəzur dəhlizindən qaçırıq, onu etmək istəmirik. Onun müqabilində isə üç keçidi vəd edirik. Bunlar bizim üçün qeyri məqbuldu. Zəngəzur dəhlizi bizim üçün aydın, problemsiz bir yola çevriləcək. Ermənistanı qorxudan odur ki, bu yolun dəhliz statusu var. Onlar çox çəkinirlər bu vəziyyətdən. Özləri də anlamırlar ki, dəhlizin layihəsi ilk növbədə Ermənistanın özünə xeyir gətirəcək. O ki qaldı üç keçid məsələsinin reallaşmasına, mən deyərdim ki, bu çox mifik bir məsələdir. Ermənistan reallıq rabitəsini itirib. Elə bilir ki, Azərbaycana nə istəsələr diktə edə bilərlər. Əksinə, Azərbaycan Prezidenti dəfələrlə onlara deyib ki, Zəngəzur dəhlizi reallaşacaq. Bunun alternativi yoxdur. Bu dəhliz ən qısa, ən hamar bir yola çevriləcək. Söhbət tək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşməsindən getmir. Halbuki, bu da bizim üçün çox vacibdir. Həm də Avropa ilə Asiyanı birləşdirən daha bir yol açılır. Bu proses Çin, Hindistan daxil olmaqla bir çox xarici dövlətlərin də marağındadır. Hamısı üçün vacib olan odur ki, bir qitədən digərinə açılan yollar qısa və problemsiz olsun. Azərbaycanın da təklif etdiyi elə budur. Beynəlxalq təşkilatlar bunu bəyənirlər. Mən düşürəm ki, Ermənistanın bu cəhdi vaxt udma məsələsi ilə bağlıdır. Onlar başa düşmürlər ki, vaxt itkisi varsa, onların kisəsindən gedir. Odur ki, bu məsələ ilə bağlı onlar daha praqmatik düşüncəyə yönəlsinlər və anlasınlar ki, Zəngəzur dəhlizi olan yerdə heç bir variantla üç keçid söhbəti alına bilməz”.
Məhəmmədəli QƏRİBLİ