Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib. Bu barədə Mirzoyan Tvitter hesabında paylaşım edib:
“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”.
Ermənistanın keçmiş səhiyyə naziri, parlamentin “Vətəndaş razılaşması” fraksiyasının üzvü Arsen Torosyan da Bartın şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib. Bu barədə o, tvitter səhifəsində yazıb:
“Bartında mədənçilərin ölümünə görə səmimi qəlbdən başsağlığı verirəm. Bölgə xalqları bu ağır itki üçün yas saxlayır”.
Qeyd edək ki, mədəndə baş verən qəzada 41 nəfər həyatını itirib.
Ermənistan rəsmiləri və cəmiyyətindən Türkiyəyə yönəlik bu cür müsbət jestlər necə dəyərləndirilə bilər?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan düşdüyü vəziyyətin nə qədər ağır olduğunu anlayır: “Güvəndiyi, arxalandığı dövlətlərin istədikləri yardımı göstərməyəcəklərini də artıq dərk edir. Həm Brüsseldə, həm Vaşinqtonda, həm də Praqada aparılan danışıqlar açıq şəkildə göstərdi ki, Ermənistanın istədiyi dəstəyi alması qeyri-mümkündür. Bunu Paşinyanın özü də müəyyən qədər etiraf elədi. Dünyada Qarabağın müstəqilliyini qəbul edən ölkə yoxdur dedi. Ondan əvvəl də demişdi ki, Qərbdəki dostları onlardan tələblərinin səviyyəsini endirməyi tələb edirlər. Bu vəziyyətdə Azərbaycanla Türkiyə arasında müəyyən məsafə yaratmaq Ermənistanın maraqlarına xidmət edərdi. Çünki Azərbaycanla Ermənistanın daim eyni mövqedə çıxış etməsi və Türkiyənin Ermənistanla münasibətlərini düzəltməsi üçün əsas şərt kimi Azərbaycanla razılığa gəlməsini tələb etməsi Ermənistanı narahat edir. Hər fürsətdən istifadə edib, Türkiyə ilə münasibətləri düzəltməyə, ola bilsin gələcəkdə Türkiyədən Azərbaycana müəyyən qədər təsir göstərməsini xahiş etməyə ümid edirlər. Bütün bunlar Ermənistanın çarəsiz duruma düşməsilə bağlıdır. Bundan əvvəl dəfələrlə Paşinyan ortaya vasitəçilər salaraq Ərdoğanla görüşmək istədiyini bildirmişdi. Türkiyə prezidenti bundan imtina etmişdi. Amma Praqada görüşdülər. Danışıqlar barədə elə bir məlumat verilməsə də, hər halda Türkiyənin tutduğu mövqe bizə aydındır. Türkiyə prezidentinin Ermənistanın baş nazirinin qabağına qoyduğu tələbləri təqribən güman etmək olar. Türkiyənin Bartin şəhərində baş vermiş mədən partlayışından da yararlanmaq istəyən ermənilər öz xoş münasibətlərini göstərmək istədilər. Xarici işlər naziri Mirzəyan baş sağlığı verdi bu məqsədlə. Əslinə qalsa, Paşinyanın özünün də baş sağlığı verməsi daha düzgün olardi. Və bunu nə üçün etmədiyi maraqlıdır. Çünki əgər xarici işlər naziri dövlət adından belə bir addım atırsa, bunu daha mötəbər şəxs etməlidir. Ancaq aydındır ki, Ermənistan necə olursa-olsun, Türkiyə ilə münasibətlərini düzəltmək istəyir. Bundan sonra da bu istiqamətdə müxtəlif addımların atılacağı istisna olunmur”.
Məhəmmədəli QƏRİBLİ