Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıq, fədakarlıq göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib. Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini, milli hərbi vətənpərvərlik ruhunu hərbi kollektivlərdə yaşadır.
Bu günlərdə vətəni uğrunda döyüşməyə hazır olan Avropa ölkələrinin adları açıqlanıb. Sevindirici haldır ki, Azərbaycan siyahıda birinci yerdə qərarlaşıb. Sonuncu yer isə Niderlanda qismət olub.
Bu sorğunun nəticəsi onu göstərir ki, azərbaycanlılar Vətən uğrunda döyüşə hər zaman hazır olub.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki,azərbaycanlılar işğal olunmuş torpaqlarını unuda bilmirdilər. Çünki vətənpərvərlik bizlərin canında, qanındadır: "44 günlük Vətən savaşında Azərbaycan cəmiyyəti hər an döyüşə hazır olduğunu, bir qarış torpaq üçün canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Həm adi vətəndaşlar, həm də vəzifəli şəxslər yüksək vətənpərlik nümayiş etdirdilər. Elə bir nəsil yetişib ki, onlarda vətən sevgisi, döyüş ruhu yüksəkdir. Azərbaycan xalqının vətənpərvərliyi onun qürur mənbəyidir. Sorğunun nəticələri də göstərir ki, xalqımız işğal altında olan torpağı düşmən tapdağı altında qoymadı. Yeni gələn nəsil öz torpaqlarını unutmadı və onları azad etmək üçün döyüşə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 44 günlük Vətən savaşı sayəsində dünya ölkələri Azərbaycan xalqının vətənpərvər ölkə olduğunu gördü. Ikinci Qarabağ müharibəsində iştirak edənlərin əksəriyyəti Qarabağı görməmişdi, amma onun uğrunda döyüşüb, torpaqlarımızı azad etdilər. Bu yolda canlarını fəda etdilər: “Vətən sevgisi ruhumuzdadır.
Torpaqların azad olunmasında qəhrəmanlığı əsasən müstəqillik dövründə yetişən gənclər göstərib. Ərazilərimiz 30 ilə yaxın işğal altında idi. Həmin müddətdə vətən həsrəti, vətənpərvərlik hissinin aşılanması həmin gəncləri torpağa bağlılığa gətirib çıxartdı. Prezident ətrafında xalq sıx birləşərək işğala son qoyuldu. Vətən müharibəsində əldə edilən qələbədən sonra gənclər arasında vətənpərlik ruhu daha da artıb. Məzmun və keyfiyyət baxımından tamamilə yeni bir nəfəs yaranıb. Məsələ ondadır ki, əvvəlki müharibədə biz məğlub olmuşduq. Torpaqlarımız işğal olunmuşdu. Bu da istər-istəməz cəmiyyətin, gənclərin ovqatına mənfi təsir edirdi. Ancaq 44 günlük müharibədə əldə etdiyimiz şanlı qələbə bütün bu steriotipləri, məğlubiyyət sindromunu ortadan qaldırdı. Vətən müharibəsinin nəticələri Azərbaycanın beynəlxalq imicini daha da gücləndirdi. Bu baxımdan məktəblərdə, universitetlərdə, digər qurumlarda uşaq və gənclərin fiziki-mənəvi inkişafı sahəsindəki iş müvəffəqiyyətlə yerinə yetirilir. Azərbaycanın müasir dövrdə əldə etdiyi qələbə dünyaya bir nümunədir. Azərbaycan xalqı 1989-cu ildə ən vətənpərvər xalq statusunu almışdı. 2020-ci ildə 44 günlük müharibədə əldə edilən qələbə ilə Azərbaycan bir daha bunu sübut etdi. Bunda da gənclərin rolu böyükdür. Hesab edirəm ki, bu yöndə görülən işlər uğurla davam edir”.
Günel CƏLİLOVA