Ermənistan vətəndaşlığını almaq üçün yeni tələb açıqlanıb. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın vətəndaşlığını almaq üçün xaricilər ölkə iqtisadiyyatına 150 min dollar yatırmalıdır.
Bundan sonra onlara vətəndaşlıq verilib-verilməyəcəyinə baxılacaq. Məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Ekspertlər hesab edirlər ki, Nikol Paşinyan hakimiyyəti bu addımla ölkəyə axın edən Rusiya və Belarus vətəndaşlarının qarşını almaq istəyir.
Ermənilərin bu addımını necə şərh etmək olar?
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür, Ermənistan mətbuatı yeni il qabağı erməni ictimaiyyəti ilə zarafat etmək istəyib, bu zarafata Daxili İşlər Nazirliyi də qoşulub: “Ermənistan vətəndaşı olmaq istəyən şəxs nə üçün həmin ölkənin iqtisadiyyatına 150 min dollar vəsait qoymalıdır? Məgər Ermənistanda əhalinin sosial rifah halı o qədər yüksəkdirmi ki, insanlar belə bir ölkənin vətəndaşı olmağa çalışır? Bəlkə bu qərar əksinədir, Ermənistanda miqrasiyanın qarşısını almaq məqsədilə bu ölkəni tərk edən vətəndaş ölkə büdcəsinə həmin məbləği ödəməlidir?
Çox maraqlı və gülünc bir məsələdir. Axı nə səbəbdən Rusiya, Belarus və eləcə də başqa ölkələrin vətəndaşları o qədər böyük həcmdə vəsait ödəyib Ermənistan vətəndaşı olmaq istəsinlər? Dünyanın hansı ölkəsində vətəndaşlığa qəbulla əlaqədar belə bir qayda mövcuddur?
Hesab edirəm ki, Ermənstan mətbuatının yayımladığı bu məlumat növbəti erməni sayıqlamasıdır”.
Rusiya prezidenti Vladimir Putin səfərbərlik elan etdikdən sonra Rusiya vətəndaşlarının Ermənistana böyük axını müşahidə olunub. Hazırda bir neçə şəraitə görə proses ləngiyib. Aviabiletlər çox bahadır və çoxları Ermənistana avtobusla gəlməkdən ehtiyatlanır, çünki onlar bir neçə gün Larsda dayanırlar, rus sərhədçiləri onları saxlayır.
2022-ci il fevralın sonunda Ukraynada müharibə başlayandan sonra Rusiyadan Ermənistana ciddi miqrant axını başlayıb. Bu ilin 6 ayında Ermənistana gələn 588 min turistin 54,5 faizi (artım 3,1 dəfə) Rusiyadan olub. Bu tendensiya Rusiyada qismən səfərbərlik elan edildikdən sonra güclənib.
Rusiyadan qismən səfərbərlik elan olunmamışdan əvvəl Ermənistana gələn miqrantlar sənaye sahələrində təmsil olunmur, sənaye müəssisələrində işləmək üçün müraciət etmirlər.
Bundan əlavə, Ermənistan qanunvericiliyinə görə, rus Ermənistana gəlib işsiz kimi qeydiyyatdan keçə və həyata keçirilən proqramlardan yararlana bilməz.
Rusiyadan gələn miqrant axını Ermənistanın iqtisadiyyatına müsbət təsir göstərir, ziyarətçilər yemək, geyim, nəqliyyat, mənzil almaq üçün pul xərcləyir, uşaqlarını pullu uşaq bağçalarına və ya məktəblərə aparırlar. Bu istiqamətlərdə fəaliyyət göstərən müəssisələr faydalana bilər. Ancaq bunlar müvəqqətidir. Çünki belə tələbdən sonra heç kim Ermənistanda qalmaq istəməyəcək. Ermənistan kimi dalana dirənmiş bir ölkə, əksinə, əhalinin sayını artırmaq üçün həmin ölkə vətəndaşlığını seçənlərə pul ödəməlidir ki, bir az cəzbediciliyi artsın. Yoxsa heç kim pul verib Ermənistan vətəndaşı olmaq istəməz.
Məhəmmədəli QƏRİBLİ