“2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”. Bunu Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan üzərinə düşən öhdəliklərə əməl etsə də, Ermənistan bunu etmir: “2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.
Bütün bunlar onu göstərir ki, Azərbaycan davamlı olaraq Ermənistanın nazı ilə oynamayacaq. Məlum öhdəliklərə əməl olunmasa, gərəkən tədbirlər görüləcək.
“Öhdəliklər yerinə yetirilməsə, lazımı addımlar atılacaq və kimsə ölkəmizi əngəlləyə bilməz”
Məsələyə münasibət bildirən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Ermənistan bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalıdır: “Əvvəla, Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə edir. Eyni zamanda, postkonflikt dövrünün problemlərinin aydınlaşdırılması və yoluna qoyulması istiqamətində praqmatik fikirlər ortaya qoyur. MDB tədbiri çərçivəsində bir daha bunu gördük. Artıq 2 ildir müharibə bitib, amma hələ də Ermənistan silahlı birləşmələri Qarabağı tam tərk etməyib. O cümlədən, Zəngəzur dəhlizinin açılması yubanır. Hər iki məsələnin icra olunmaması regional sabitliyə təhdid yaradır. Sadalanan məsələlər həll olunmadan Ermənistanla sülh mümkün deyil. Prezident İlham Əliyevin məlum tədbirdə çıxışı zamanı verdiyi bu mesaj o deməkdir ki, Azərbaycan bu məsələdə qərarlıdır. Öhdəliklər yerinə yetirilməsə, lazımı addımlar atılacaq və kimsə ölkəmizi əngəlləyə bilməz. Çünki son 10 ildə Azərbaycan çox sürətlə öz suverenliyinin, dövlət maraqlarının möhkəmləndirilməsi istiqamətində daha qətiyyətli addımlar atıb. Cənab Prezidentin Astanada çıxışı göstərdi ki, Azərbaycanın haqlı olduğunu müdafiə edən dövlətlər daha çoxdur. İstər Zəngəzur dəhlizinin açılması ilə bağlı, istərsədə Qarabağla bağlı dünyada Azərbaycana ciddi dəstək var. Fransa nə qədər aşırı ermənipərəst mövqe sərgiləsə də, Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Fransa kimi bir dövlətin prezidenti bu dərəcədə tərəfkeşlik edirsə, bu, artıq biabırçılıqdır. Bu, separatizmə birbaşa dəstək deməkdir. Prezidentin sadalanan iki məsələdə qətiyyət göstərməsi həm də separatizmin kökünün birdəfəlik kəsilməsinə hesablanıb. Bu, xalqlar arasında ədavətə son qoyulmasına hesablanıb. Çünki Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması dayanıqlı sabitliklə yanaşı, regionun iqtisadi inkişafına təkan verəcək. Ona görə də sözügedən iki məsələ ilə bağlı Ermənistan konkret addımlar atmalıdır”.
Sosioloq hesab edir ki, əks təqdirdə bu, Ermənistana baha başa gələcək.
Vidadi ORDAHALLI