Ermənilər Xankəndi yaxınlığında azərbaycanlılara məxsus məzarları dağıdır. Erməni istifadəçinin “TikTok” sosial şəbəkəsində paylaşdığı kadrlarda yük maşınının azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını qəsdən sökdüyü görünür, bu da növbəti erməni vəhşiliyinin nümunəsidir.
Həmin məzarlıq Xankəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındadır. Qəbirləri dağıdan yük maşınının nömrəsi AM 35-XA-843-dür. Məzarlığın dağıdılması videosunu Artur adlı erməni yayıb (ayrıca təqdim edilir). Artur qəbirləri həm də təhqir edib. Qəbirləri digər təhqid edənlər 35-MQ-907 nömrəli UAZ-da olublar. Onlardan birinin adı Serqodur.
Nədənsə, dəqiqliyi təsdiq olunmayan, güya əsirlərin gülələnməsi videosu ilə bağlı səs-küy salan beynəlxalq dairələr, qurumlar, müəyyən dövlətlər belə dəqiq vandal əməli qarşısında isə susurlar. Onlar buna reaksiya vermək istəmirlər.
“...Gördüyümüz kimi, bu videodakı şəxslər və oradakı yük maşınının dövlət qeydiyyat nömrə nişanı da məlumdur”
Mövzuya şərh verən siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, bu faktın özü yenidən dünyada ikili standartlar tendensiyasının mövcudluğunun göstəricisidir. “Yəni azərbaycanlılara məxsus qəbirlərin erməni vəhşiləri, vandalları tərəfindən dağıdılması faktının sübutu və həmin fakta olan beynəlxalq susqun münasibət də belə deməyə kifayət qədər zəmin yaradır. Necə olur ki, heç bir isbatı olmayan, daha çox saxtakarlığı ilə seçilən "ermənilərin güllələnmə" videosu düşmənlərimiz tərəfindən ictimailəşdiriləndən sonra Avropanın, Qərbin bəlli şəxsləri və təşkilatları dərhal üstümüzə hücumlar çəkdilər, amma son zamanlar istər Birinci Qarabağ müharibəsində, istərsə də hazırkı dövrdə erməni vəhşiliyini isbatlayan videoya susqun qalınır? Bu sualın cavabı məlumdur və düşünürəm ki, məhz belə videolar anti-Azərbaycan xarakterli fəaliyyət göstərən qurum və təşkilatların, eləcə də ayrı-ayrı şəxslərin sosial şəbəkə hesablarına, e-mail adreslərinə göndərilməli, sözün əsl mənasında üzlərinə çırpılmalıdır! Başqa tərəfdən, azərbaycanlılara məxsus məzarların dağıdılmasını əks etdirən videogörüntünün harada qeydə alınmasına baxmayaraq - istər Xankəndidə olsun, istərsə də Basarkeçərdə və s. bu kimi faktlar hər biri insan haqları məhkəməsində dəlil olaraq Ermənistana qarşı qaldırılmalıdır. Özü də gördüyümüz kimi, bu videodakı şəxslər və oradakı yük maşınının dövlət qeydiyyat nömrə nişanı da məlumdur və həmin vandalların, həmin vəhşilərin kimlikləri məlum olduğu üçün onlar dərhal öz cinayətkar əməllərinə görə cəzalandırılmalıdırlar. Qaldı ki, videonun Xankəndiyə yaxın ərazilərdə - RSK-nın müvəqqəti nəzarəti altındakı yerdə çəkilməsinə, hələ ki, həmin fakt təsdiqini tapmayıb. Aparılan bəzi araşdırmalara görə, əvvəlcə videonun Xocalının Cəmilli kəndində qeydə alındığı bildirilirdi, indi isə həmin videogörüntünün bu gün Ermənistan adlandırılan Qərbi Azərbaycanın Basarkeçər rayonu ərazisində çəkildiyi iddia olunur”.
Bununla belə, R.Rəsulovun sözlərinə görə, bu fakt cinayət faktını gizlətmir, əksinə, erməni vəhşiliyinin bariz nümunəsini ortaya çıxarır. “Ona görə də düşünürəm ki, həmin məsələ, eləcə də Edillidə tapılan güllələnmiş hərbçi şəhidlərimizin qalıqlarının görüntüləri, habelə digər yüzlərlə fakt dünya ictimaiyyətinin davamlı olaraq diqqətinə çatdırılmalıdır və bu məsələdə biz media adamlarının da üzərinə böyük iş və məsuliyyətlər düşür. Düşmən yatmayıb, oyaqdır və gördüyümüz kimi rəsmi sülh müqaviləsi imzalanmayıb. Məğlub olan ermənilər hər an öz vəhşilik nümunələrini goreşənlərtək ən aqressiv şəkildə tətbiq etməyə hazırdırlar. Amma buna baxmayaraq, hər bir azərbaycanlı onlara qarşı anti-təbliğat faktlarını tətbiq etməlidir ki, dünya onların nə qədər vəhşi, qəddar "insanlıq nümunəsi" olduqlarını axır ki, dərk etsin! Sonda isə onu da bildirim ki, əgər həmin video həqiqətən də RSK-nın müvəqqəti nəzarəti altındakı ərazilərdə çəkilibsə, bu zaman Rusiyanın Qarabağdakı sülhməramlı komandanlığı qarşısında da qəti tələb qaldırmaq lazımdır ki, cinayətkarlar aşkarlanaraq layiqli cəzalarını məhz Azərbaycanın qanunları əsasında alsınlar”-deyə R.Rəsulov vurğuladı.
İradə SARIYEVA