Prezident Astanada bir daha vurğuladı ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi bizim daxili məsələmizdir, onu kənarda kimləsə müzakirə etmək istəmirik və məsələ Azərbaycan konstitusiyasına uyğun tənzimlənəcək.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bəyanatın ən unikal tərəfi isə budur ki, Prezident bu məsələ ilə bağlı "dördtərəfli görüş iştirakçılarının heç bir fərqli fikirdə olmadıqlarını" xüsusi qeyd etdi...
Diqqət yetirək. Dördtərəfli görüşün iştirakçıları Avropa Birliyi, Fransa, Ermənistan özü və təbii ki, Azərbaycandır. AB, Fransa və Ermənistan ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycanın daxili məsələsi olmasına etiraz etmədilərsə, bu həqiqətən böyük qələbədir.
Bizim Prezident ermənilərin hüquqları və təhlükəsizliyi üçün Ermənistanın qeyri-real "status" iddialarına alternativ olaraq reallığa mütləq uyğun yeni status çərçivəsi çıxardı. Bu statusun adı - "Qarabağ erməniləri Azərbaycanın daxili məsələsidir".
Tarixdə "Miatsumdan" üzü bəri Köçəryan və Sarkisyanın dövrlərinə xas naftalin qoxuyan "o məlum status" söhbətləri yox, məhz İlham Əliyevin çəkdiyi bu status çərçivəsi yaşayacaq...