“Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir”.
Bunu Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
“Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, - Prezident Əliyev bəyan edib.
“Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır...”
AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində Qarabağda yaşayan ermənilərlə bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğunu və dünyanın aparıcı dövlətlərinin də bununla razılaşdığını, bu faktı qəbul etdiyini bildirdi. M.Zülfüqarlının sözlərinə görə, Avropa İttifaqı da, başqa beynəlxalq təsisatlar da, böyük güclər də Qarabağdakı ermənilərin hüquqlarının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənəcəyini bilir, heç birinin buna hər hansı bir iradı yoxdur. “Dünyanın böyük gücləri də artıq qəbul edib ki, Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan ermənilərin də hüquqları dövlətimizin qanunlarına uyğun şəkildə qorunacaq. Bu baxımdan, hansısa bir dövlətin qızışdırıcı mövqedən çıxış etməsi yolverilməzdir. Azərbaycan Prezidenti bütün dünyaya Qarabağda yaşayan ermənilərlə bağlı mesajlarını verib və dünya gücləri də Azərbaycanın mövqeyi ilə razılaşıb”.
M.Zülfüqarlı qeyd etdi ki, müasir dünyada 3 mindən artıq xalq yaşayır, əvvəllər onların sayı daha çox olub, lakin bir çox xalqlar sonradan assimilyasiyaya məruz qalıb, xüsusən də Rusiya ərazisində. “Amma dövlətlərin sayı 200-dən bir qədər artıqdır. Bu onu göstərir ki, bütün dövlətlər monomilli deyil, çoxmillətlidir. Yəni birində milli azlıqların sayı çox ola bilər, o birində az ola bilər. Azərbaycan əhalisinin də 90 faizi Azərbaycan türklərindən ibarətdir, 10 faizi isə milli azlıqlardır. Milli azlıqlar əsrlər boyu Azərbaycanda Azərbaycan türkləri ilə bərabər çox mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Ölkəmizdə yeganə milli azlıq, etnik qrup ermənilərdir ki, bunlar Türkmənçay müqaviləsindən sonra məqsədli şəkildə Azərbaycan ərazisinə köçürülüblər. Onların bura köçürülməsində məqsəd o olub ki, Azərbaycan türklərini əsarətdə saxlamaq üçün xristian Çar Rusiyasına kömək etsinlər. Azərbaycan ərazisində tarixən işğallar çox olduğundan, köçürmə siyasətinə də rast gəlmişik. Məsələn, ərəb işğalları dövründə ərəblər köçürülüb, məqsəd yerli əhalini ərəbləşdirmək olub, lakin bura köçürülən ərəblər də türkləşiblər. Ermənilər isə Azərbaycan ərazisinə köçürüldükdən sonra yad dinə mənsub olduqları üçün yerli əhali ilə qaynayıb-qarışmayıblar. Amma bir məqam var. Bunu Çar dövrünə aid sənədlərdə də, Azərbaycan ziyalılarının əsərlərində də görmək olar ki, Çar Rusiyası Qafqazda möhkəmlənənə qədər bütün Qafqaz xalqları, o cümlədən bura köçürülmüş ermənilər vahid ünsiyyət dili kimi Azərbaycan türkcəsindən, bizim dilimizdən istifadə ediblər. Sovet dövründə yaşayan insanlar bilir ki, Azərbaycan ərazisində yaşayan əksər ermənilər ana dilimizi bilib və bundan istifadə ediblər. Bundan əlavə, Azərbaycan musiqisini, mətbəxini də mənimsəyiblər. Demək istəyirəm ki, inteqrasiya prosesi çətin olsa da gedib. Sadəcə, erməniləri hər dəfə kənardan qızışdıran qüvvələr olduğuna görə bunlar yerli əhaliyə qarşı məqam düşən kimi xəyanət yolunu tutublar. Prezident İlham Əliyev çox düzgün olaraq, Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı dövlətimizin mövqeyini bildirdi. Azərbaycan ərazisində yaşayan bütün milli azlıqlar Azərbaycanın vətəndaşlarıdır, onlar Azərbaycan Konstitusiyasına tabedir, dövlətimiz tərəfindən onların hüquqları yüksək səviyyədə müdafiə olunur. Onlar Azərbaycanda tamhüquqlu vətəndaş kimi firavan yaşayırlar. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onların da hüquqları konstitusiya çərçivəsində öz əksini tapır. Qarabağda yaşayan hər hansı bir erməni Azərbaycan Konstitusiyasını qəbul edirsə, dövlət onun bütün hüquqlarını müdafiə etməyə hazırdır. Burdan belə nəticəyə gəlmək olar ki, erməni separatçılarına dəstək verən qüvvələr bu tezislə barışmaq istəmirlər. Çünki onlar istəyirlər ki, həmişə burda münaqişə ocağı olsun, öz məqsədləri üçün bundan istifadə etsinlər. Bu adətən zəif dövlətlərdə olur. Azərbaycan isə artıq güclü və qalib dövlətdir. Haqlı olaraq Prezident qeyd etdi ki, bu, Azərbaycanın daxili işidir. Say etibarı ilə müqayisə etsək, Azərbaycanda olan bir çox milli azlıqların sayı Qarabağda yaşayan ermənilərin sayından qat-qat çoxdur, amma onların heç biri ermənilərin etdiyi xəyanəti etməyib, öz dövlətinə, konstitutsiyasına sadiq qalıb”- deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA