Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib ki, Fransanın Bakı və İrəvanın Rusiya ilə münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa düçar olacaq.
XİN rəsmisi bildirib ki, bu addım Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.
Zaxarova qeyd edib ki, Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir:
“Fransa Prezidentinin uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron "Franse 2" kanalına müsahibəsində təxribatçı fikirlər səsləndirib.
Fransa prezidenti Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Azərbaycan və Ermənistan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.
Emmanuel Makron bildirib ki, son aylar Moskva Azərbaycanın xeyrinə gərginliyi artırıb:
“Son iki ildə sərhəddə baş verənlər... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma ruslar çoxəsrlik bu münaqişədən sui-istifadə edərək, Türkiyənin şərikliyi ilə Azərbaycanın xeyrinə oynadılar və yaxın olduqları Ermənistanı zəiflətmək yolunu tutdular.
Baş verənləri görürsünüzmü? Bu, güya Rusiyanın vəziyyəti sabitləşdirmək cəhdidir. O, hamımızı zərərsizləşdirmək üçün Qafqazda xaos yaratmaq istəyir".
Makronun bu açıqlamasına Azərbaycan cəmiyyəti, mediası sərt cavab verdi. Ardınca Zaxarova onun “ağzından vurdu”, nədənsə Ermənistandan səs çıxmır. Məntiqlə, Makronun ilk açıqlamasına reaksiya məhz Ermənistandan gəlməliydi. Çünki Makron Ermənistanın zavallı duruma düşdüyündən bəhs edirdi. Ermənistanın bu susqunluğu nə ilə izah oluna bilər?
Politoloq Əhəd Məmmədli “ Bakı-Xəbər” ə bildirdi ki, Ermənistan Fransa ilə birlikdə hərəkət edir: “ Özünün açıq mətnlə deyə bilmədiyini Makronun dili ilə dedizdirir. Paşinyan açıq şəkildə Rusiya ilə bağları qırıb, Avropa ilə yaxınlaşmaq strategiyasını yürüdür. Bu işdə onun əsas lobbiçiliyini Fransa aparır. Paşinyan əsl erməni xislətini ortaya qoyur. Rusiyanın təkləndiyini görüb, ondan qırılmağa qərar verib. Biz Praqa görüşündə də gördük ki, Makron Paşinyana necə himayədarlıq edirdi. Ermənistan belə zənn edir ki, Brüssel təşəbbüsü ələ alıb. Rusiya getdikcə kənara sıxışdırılır. Xüsusən ABŞ və Fransanın qucaq açdığı Ermənistan Rusiyadan sürətlə uzaqlaşır. Əslində, Makronun ifadə etdiyi fikirləri Paşinyan və digər erməni rəsmiləri dəfələrlə bəyan ediblər. Sərhəddəki son toqquşmadan sonra Paşinyan KTMT-nin fonunda Rusiyanı sərt tənqid etdi ki, onlara kömək etmirlər. Zaman-zaman erməni rəsmilər Türkiyənin bizə müharibıdə dəstək olduğunu dilə gətiriblər. Görünür, Rusiyanın bu kontekstdə adını çəkə bilməkdən ehtiyat ediblər. Ermənistanın reaksiyasızlığı onun kimin yanında olduğunu, kimin əlində yeni alətə çevrildiyini açıq təsdiqləyir. Təbiidir ki, belə açıqlamalar regionda sülhə nail olmaqdan daha çox, vəziyyəti gərginləşdirməyə xidmət edir. Belə həssas məqamda Makronun bu cür sərt ritorika seçməsi təsadüfi deyil. Rusiya bunu tam dərk etdiyi üçün belə sərt reaksiya verir”.
Məhəmmədəli QƏRİBLİ