Fransanın həyasızlığı dayanmaq bilmir. Fransa xariçi işlər naziri Ketrin Kolonna bəyan edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünün pozulması qarşısında onunla tam həmrəydir.
K.Kolonna qeyd edib ki, 13 sentyabr hücumundan sonra Fransa vəziyyəti sabitləşdirmək üçün səylər göstərib, Azərbaycan silahlı qüvvələrinin öz əvvəlki mövqelərinə qayıtmasını tələb edib. Onun sözlərinə görə, ayın sonuna kimi Avropa İttifaqının iki aylıq mülki missiyasının Ermənistan sərhədi boyunca yerləşdirilməsi barədə razılıq əldə olunub: “Bu missiyanın məqsədi vəziyyəti sabitləşdirmək və tərəflər arasında prosesə başlamaqdır. Xüsusilə ümid edirik ki, bu missiya qarşıdan gələn sərhədlərin delimitasiyası prosesinə töhfə verə biləcək. Eyni zamanda, biz münaqişələrdən sonra vəziyyətin və ehtiyacların, xüsusən də humanitar ehtiyacların obyektiv mənzərəsini əldə etmək üçün ATƏT-in faktaraşdırıcı missiyasının yaradılması üzərində işləyirik. Ermənistan Fransanın dəstəyinə arxalana bilər”.
Görünən odur ki, Minsk Qrupunu bərpa edə bilməyən Fransa faktaraşdırıcı missiya adı altında öz çirkin məqsədlərini həyata keçirmək istəyir. Hansı faktaraşdırıcı missiyadan söhbət gedə bilər ki, 30 il Azərbaycan əraziləri işğal altında qaldı, amma gərəkən iradə ortaya qoyulmadı? Azərbaycanın təkidli tələblərindən sonra 2010-cu ildə ATƏT-in faktaraşdırıcı missiyası gəldi, amma ortalığa tutarlı bir sənəd qoymadı. Araşdırdıqları faktların heç bir əhəmiyyəti olmadı. Konkret hansısa tədbir görmədilər. Belə olan halda 13 sentyabr təxribatına görə hansı faktaraşdırıcı missiya?
“Nədənsə, o zaman faktaraşdırıcı missiya Parisin yadına düşmədi”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, bütün bunlar Fransanın Azərbaycana yönəlik növbəti məkrli siyasətidir: “Əvvəla, Fransa Azərbaycana münasibətdə heç vaxt ədalətli olmayıb. O baxımdan Fransa xarici işlər nazirinin ölkəmizə qarşı sərsəmləməsi təəccüblü deyil. Fransa 1997-ci ildə həmsədr olandan sonra danışıqlrın nəticə verməməsi üçün nə mümkündürsə, onu etdi. Vətən müharibəsinin ilk günlərində Fransa Azərbaycana qarşı çıxdı. Bizi Yaxın Şərqdən islamçı terrorçular gətirməkdə ittiham etdilər. Makron Fransanın ATƏT- in Minsk Qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində istifadə etmək istəyib və buna uyğun hərəkət edib. Simasızlığın dərəcəsinə bax ki, 13 sentyabr təxribatına görə ATƏT-in faktaraşdırıcı missiyasını bərpa etmək istəyirlər. Ermənistan Azərbaycan ərazilərini işğal edəndən sonra bütün yaşayış məntəqələri məhv edildi. Ancaq humanizm dəyərlərinin qoruyucusu qismində çıxış edən Fransa bir dəfə olsun bunu qınamadı. Nədənsə, o zaman faktaraşdırıcı missiya Parisin yadına düşmədi. Ona görə də xariçi işlər naziri Ketrin Kolonnanın səsləndirdiyi fikirlər Fransanın simasızlığını göstərir”.
Vidadi ORDAHALLI