“Əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər”. Bunu Prezident İlham Əliyev Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşdə bildirib.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti açıq bəyan edir ki, sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistan siyasi iradə nümayiş etdirməlidir.
Ermənistan müstəqil siyasi iradə göstərə bilərmi, yaxud göstərəcəkmi?
“Ermənistan da artıq bəyan edib ki, sülh sazişi ilin sonuna qədər mütləq imzalanacaq”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün dünyanın üç güc mərkəzi hərəkətə keçib: “Bunların arasında çox ciddi rəqabət gedir. Əvvəlcə Rusiya təkliflərini göndərdi, sonra ABŞ-da görüş keçirildi və artıq orda da müəyyən məsələlər razılaşdırılıb, sonra da Avropa İttifaqı bu məsələyə daha aktiv şəkildə qoşulub və əvvəlcədən də elan edib ki, noyabr ayının sonlarında sülh müqaviləsinin imzalanmasını təşkil etmək istəyir. Rusiya da qabaqlamaq istəyir və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi elan edib ki, Rusiya üçtərəfli görüşü təşkil etmək fikrindədir. Bu rəqabət, təbiidir ki, Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan burda həlledici söz sahibidir və vasitəçini seçmək sahəsində kifayət qədər imkanları var. Burda Ermənistandan tələb olunan siyasi iradə nümayişidir ki, indiyə qədər biz bunu görmədik. Ancaq Ermənistanın da çarəsi yoxdur. Ermənistan da artıq bəyan edib ki, sülh sazişi ilin sonuna qədər mütləq imzalanacaq”.
Ermənistan rəsmilərinin delimitasiya ilə bağlı da irəliləyişlərinin olacağını, hətta delimitasiya ilə əlaqədar razılaşma imzalanacağını da bəyan etdiklərini vurğulayan A.Səmədovun sözlərinə görə, bu şəraitdə Ermənistanın, əvvəlki vaxtlarda olduğu kimi, sülh sazişinin imzalanmasını ləngitmək imkanı son dərəcə məhduddur. “Təbii, əlindən gələni edəcək ki, bir az da uzansın. Ancaq Ermənistan anlayır ki, uzun müddət bu prosesi ləngidə bilməz və qısamüddətli ləngimələr də ona heç nə vəd etmir. Bizi əsas düşündürən hansı varinatın qəbul olunacağıdır. Hələlik mətbuatda gedən məlumatlar göstərir ki, həm Avropa İttifaqının, həm ABŞ-ın təklif etdiyi variantlar Azərbaycanın maraqlarına daha çox uyğundur. Ancaq bu hələlik belədir. Çünki onların təkliflərində Qarabağ məsələsi sonraya saxlanılır və sülh sazişində bu barədə heç bir qeyd olmur. Rusiyanın təklifində müəyyən müddəaların olması nəzərdə tutulmuşdu, Azərbaycan, təbii ki, bunu qəbul etmədi. Ancaq sonrakı mərhələdə ABŞ-ın və Avropa İttifaqının mövqeyi necə olacaq, bizi qane edəcəkmi? Təbiidir ki, bunlar çox ciddi suallardır və yayılan informasiyalar göstərir ki, onların təkliflərinin bizi qane etmək ehtimalı son dərəcə aşağıdır. Ancaq bu gün əsas məsələ sülh sazişinin imzalanmasıdır, bu istiqamətdə ciddi iş gedir, Azərbaycan geniş sülh sazişi layihəsini Ermənistana təqdim edib və onlar da bu layihəni öyrənməklə məşğuldurlar. Güman edirəm ki, elə ciddi iradlar ola bilməz. Əsas problemlər sonrakı mərhələdə başlayacaq. İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün olacaq”- deyə ASəmədov qeyd etdi.
İradə SARIYEVA