Sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşündə güya müzakirə olunan sənədin məxfiliyi pozulub. Belə bir iddia ilə Ermənistan mətbuatı çıxış edib. Onların yazdıqlarına əsasən, ABŞ tərəfinin mövqeyini nümayiş etdirən bu sənədin surəti “Siloviki” Teleqram kanalının əlinə keçib. Sitat:
“Sənəddə qeyd olunur ki, Qarabağın tam ərazisi Azərbaycan kimi qəbul olunur. Qarabağ erməniləri öz hüquqlarını yalnız Bakının xüsusi nümayəndəsi ilə müzakirə edə bilərlər. Zəngəzur dəhlizi məsələsi isə Rusiyanın kurasiyası altında həll olunacaq. Qeyd edək ki, məhz bu sənəd oktyabrın 6-da Praqada Paşinyan, Əliyev və Ərdoğan arasında danışıqların əsas mövzusu olub”.
Azərbaycanın rəsmi dairələri tərəfindən mövcudluğu təsdiq edilməyən belə bir sənədin olması nə dərəcədə inandırıcıdır? Hətta belə müzakirə olubsa belə, onun yekun mətninin mediaya çıxarılmasında hansı məqsədlər güdülə bilər?
İbrahim Rüstəmli: “Ermənistanda 44 günlük savaşdan sonra yaşanan streslər, xəyal qırıqlığı onlarda o qədər ciddi iz buraxıb ki, istənilən mövzudan ehtiyat edirlər”
Hərbi siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, bütün bunlar Ermənistan tərəfdən məqsədli şəkildə ortaya atılıb: “Bu onların bizə olan münasibətinin güzgüsüdür. Ermənistanda 44 günlük savaşdan sonra yaşanan streslər, xəyal qırıqlığı onlarda o qədər ciddi iz buraxıb ki, istənilən mövzudan ehtiyat edirlər. Düşünürlər ki, indidən daxili ictimai rəyi buna hazırlamaq lazımdır. Ona görə də, indidən bəzi detalları mediaya sızdırırlar. Ermənistan istəsə də, istəməsə də Azərbaycanla münasibətlərdən qaça bilməz. Əks təqdirdə Azərbaycanın özü sərbəst şəkildə qərar verməyə qadir ölkədir və bunu Ermənistan hamıdan yaxşı bilir. Ermənistanda yaşanan psixoloji gərginliyin aradan qaldırılması üçün zamana ehtiyac var. Həmin qaysağı qoparacaq hər hansı addımı birdən-birə atmaqdan çəkinirlər. Ona görə də daxili ictimai rəyi indidən sülh sazişinə hazır edirlər. Ən əsası budur ki, Ermənistan reallıq hissini itirmədən lazımi şərtləri qəbul etməlidir”.
Əhəd Məmmədli: “Məlumatları hara sızdırsalar da, xeyri yoxdur, Ermənistan sənədə imza atmağa məhkumdur”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumatı erməni tərəfinin özü sızdıra bilər: “Bundan əlavə, ortada belə bir sənədin olub-olmadığı haqda nəsə deyə bilmərik. Başlıca məqsəd də budur ki, erməni cəmiyyəti sülh sazişinə hazır olsun. İstənilən halda, artıq sülh müqaviləsinin cızma-qarasını mətbuatda görürük. Artıq Qarabağ ermənilərinin də taleyinin Azərbaycana tapşırıldığından danışılır. Bu böyük uğurdu. Zəngəzur dəhlizi Rusiyanın nəzarətinə veriləcəksə, ermənilər çalışacaq ki, bizə dəhliz yox, yol versin. Belə olan təqdirdə, Laçından yan keçən ikinci yol da bağlanmalıdır. Həmin yola tam olaraq biz nəzarət etməliyik. Qalib tərəf hər zaman öz şərtlərini diqtə etməlidir. Üstəlik də biz haqlı tərəfik. Məlumatları hara sızdırsalar da, xeyri yoxdur. Artıq proses gedib. Ermənistan sənədə imza atmağa məhkumdur”.
Məhəmmədəli QƏRİBLİ