Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynada diplomatik nizamlanmanın mümkünlüyü və Ankaranın bu prosesdə mümkün vasitəçiliyini müzakirə etməyi planlaşdırır. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın türk telekanallarından birinin efirində bildirib:
“Türkiyə hesab edir ki, diplomatiyanın qapıları həmişə açıq saxlanılmalıdır. Bugünə qədər Ankara Ukraynada nizamlanma üçün yol xəritəsi təklif edə bilən yeganə ölkədir. Zelenski ilə Putini danışıqlar masası arxasına gətirə biləcək yeganə lider olan prezidentimiz Ukraynada diplomatik nizamlanma və bu prosesdə vasitəçilik imkanlarını müzakirə etmək niyyətindədir”.
Müasir dünya siyasətində güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınan Türkiyə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Qardaş ölkə, həmçinin Avrasiyada sülh, sabitlik, rifah və işbirliyinin təmin olunmasında əhəmiyyətli addımlar atır, vacib təşəbbüslər irəli sürür. Türkiyənin regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bəyan etməsi də bu baxımdan xüsusi vurğulanmalıdır.
Maraqlıdır ki, dünyanın digər nüfuzlu ölkələri belə təşəbbüslə çıxış etmirlər. Ukrayna ilə Rusiya arasındakı müharibəni dayandırmaq təşəbbüsü ilə niyə yalnız Türkiyə çıxış edir?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd olandan sonra həmin ölkənin Rusiya ilə daha yaxın olma meylləri üzə çıxdı: “Getdikcə bu əlaqələr daha da dərinləşməyə başladı. İnkişaf həm iqtisadi, həm də siyasi sahələri əhatə etdi. Bir çox məsələlərdə isə bu iki ölkənin maraqları toqquşurdu. Bura Suriyanı və Qafqazda gedən prosesləri aid edə bilərik. Bu istiqamətlər üzrə də hər iki ölkə ortaq maraqlardan çıxış etdilər. Hazırda ölkələr arasındakı mal dövriyyəsi 50 milyard təşkil edir. Türkiyə və Rusiya yaradılan yeni əməkdaşlıq platformalarında birgə iştirak edirlər. Türkiyə görür ki, ABŞ və Qərbin Suriya və İraqdakı davranışı onun marağına uyğun deyil. Buna görə də Rusiya ilə daha da yaxınlaşır. Türkiyəyə havadan müdafiə sistemləri və F-30, F-16 qırıcıları verilmədi. Əvəzində Rusiya tərəddüd etmədən S-400-ləri verdi. Buna baxmayaraq, Türkiyədə NATO bazaları var. Ona görə də, Rusiya ilə yaxınlaşmada ehtiyat nümayiş etdirir. Türkiyə gücləndikcə onun maraqları və buna uyğun manevr imkanları da artır. Hazırkı məqamda Rusiyanın özünün Türkiyəyə böyük ehtiyacı var. Faktiki olaraq bütün dünya ilə üz-üzədir. Qardaş ölkə bundan həm də özü üçün dividend götürməyi planlaşdırır. Türkiyənin planı var ki, Rusiyanın orbitində olan türkdilli ölkələrlə yaxından əməkdaşlıq etsin. Hər iki ölkədə prezident seçkiləri gözlənilir. Ərdoğan çalışır ki, həm özü, həm də Putin hakimiyyətdə qalsın. Bunun üçün də Ukrayna ilə müharibə başa çatmalıdır. Hazırda Türkiyə Rusiya üçün dünyaya açılan bir pəncərədi. Türkiyə bundan həm də ciddi qazanc götürür. Vasitəçilik həm də nüfuz, qazanc gətirir. Türkiyə yalnız Rusiyaya yön tutub, Ukrayna ilə özünü düşmən etmir. Çünki Ukraynanın da Türkiyə ilə yaxından əməkdaşlığı üçün yaxşı potensialı var. Bölgədə Türkiyənin rolunun daha da gücləndiyini sübut edən amildir. Təbiidir ki, Qərb Türkiyənin bu fəallığını həzm etmək istəmir. Onlar bir NATO ölkəsi kimi Türkiyəni öz yanlarında, Rusiyanın isə önündə görmək istəyirlər. Bunun bizə də faydası var. Çünki belə böyük güclərin qarşıdurması ilk olaraq bizə ziyan edir. Ümidvaram ki, yalnız Türkiyənin vasitəçiliyi ilə müharibə dayandırıla biləcək”.
Məhəmmədəli QƏRİBLİ