Ermənistandan növbəti rəsmi etiraf. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, iqtidaryönlü “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Eduard Ağacanyan bəyan edib ki, artıq ölkənin Qarabağla əlaqəsi yoxdur:
“Ermənistanın artıq Qarabağla heç bir əlaqəsi yoxdur. Ermənistanın artıq Qarabağın təhlükəsizliyini təmin etmək imkanı yoxdur. 44 günlük müharibə ilə əlaqədar Ermənistanın artıq Qarabağ xalqının hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini təmin etmək imkanı və resursları qalmayıb. Obyektiv reallıqlar, təəssüf ki, dəyişib”.
Bununla belə, Ağacanyan Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Praqada razılaşdırdıqları məqamları ciddi irəliləyiş hesab edir. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat ərazi bütövlüyünün tanınmasını başlayan danışıqlar prosesi üçün ən vacib razılaşma hesab edir: “Mən bu tanınmanın əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu mühüm və əsas məqam olmadan sülh müqaviləsi ətrafında hər hansı mənalı müzakirə mümkün olmazdı. Bu, prosesin başlanğıcını göstərir və yaxşı xəbərdir”.
Belə görünür ki, artıq Ermənistan Qarabağla bağlı bir sıra reallıqları qəbul edir. Çünki onlar üçün başqa çıxış yolu qalmayıb.
“Hakim partiyanın nümayəndələri çıxışlarını daxili auditoriyaya yönəltməklə Qarabağ məsələsini unutdururlar”
Sözügedən məsələni “Bakı-Xəbərə” şərh edən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Qarabağla bağlı belə mövqe sərgiləməsini bir sıra faktorlarla əlaqələndirdi: “Ermənistan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki deputatının Qarabağla bağlı mövqeyi həqiqəti əks etdirir. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Qarabağda etnik ermənilər üzərində təsir rıçaqı yoxdur. Həmçinin münaqişə bitdiyindən, Ermənistanın bu məsələdə Azərbaycanla danışıqlar aparması da mümkün deyil. Bu məsələ Azərbaycanın daxili işidir və Ermənistan tərəfi bizim daxili işimizə qarışa bilməz. Bunu Ermənistan cəmiyyəti də bilməlidir. Hakim partiyanın nümayəndələrinin bu səpkidə çıxışları var. Onlar erməni cəmiyyətini buna inandirmalıdır. Ermənistanla Azərbaycan arasında Praqada imzalanan Bəyannamədə artıq İrəvan Azərbaycanin ərazi bütövlüyünü tanıyır. Bura Qarabağ da daxildir. Hesab edirəm ki, Ermənistan tərəfi bu istiqamətdə sülh müqaviləsi bağlamalıdır. Baş nazir Nikol Paşinyan da Qarabağ məsələsini gündəmdən çıxarıb. Bunu bir növ Azərbaycanın daxili işi hesab edir. Artıq bundan sonra Ermənistan Azərbaycanla danışıqlarda Qarabağ məsələsini gündəmə gətirə bilməz. Ermənistan hakim partiyasının nümayəndələri çıxışları daxili auditoriyaya yönəltməklə Qarabağ məsələsini unutdururlar. Ermənistan Qarabağ iddiasını qaldırsa, bu artıq müharibə deməkdir. O zaman Ermənistan yenidən məğlub olacaq”.
Bu baxımdan politoloq hesab edir ki, erməni rəsmiləri bu cür açıqlamalar verirlər.
Vidadi ORDAHALLI