Ermənistandan Rusiyanı qəzəbləndirən daha bir addım. BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan hüquqlarının pozulması üzrə xüsusi məruzəçi vəzifəsini təsis edəcək. Oktyabrın 7-də keçirilən səsvermədə Şuranın 17 üzvü bu qərarın lehinə səs verib.
Boliviya, Venesuela, Qazaxıstan, Çin, Kuba və Eritreya qətnamənin əleyhinə səs verib. Ermənistan da daxil olmaqla isə 24 ölkə bitərəf qalıb. Belə ki, tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkəyə münasibətdə belə bir qərar qəbul edilib.
BMT Təhlükəsizlik Şurası bununla bağlı qeyd edib ki, Rusiya Dövlət Dumasının qəbul etdiyi və Rusiya Federasiyasının prezidenti tərəfindən təsdiq edilmiş qanunlar ifadə azadlığını məhdudlaşdırır və insan haqları müdafiəçilərinin geniş şəkildə təqib edilməsinə yol açır.
Xüsusilə Ermənistanın sərgilədiyi mövqe Rusiyanın narazılığına səbəb olub. Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, Ermənistandan bunu gözləmirdilər: “Düzünü desəm, biz istərdik ki, tərəfdaşlarımız səsvermə zamanı daha qətiyyətli mövqe tutsunlar. Mən ilk növbədə, təəssüf ki, səsvermədə bitərəf qalan Ermənistanı nəzərdə tuturam. Səsvermə bir daha göstərdi ki, ümumilikdə BMT-nin İnsan Haqları Şurası öz siyasi xəttini həyata keçirmək üçün Qərb dövlətlərinin manipulyasiya etdiyi quruma çevrilib”.
Görünən odur ki, Ermənistan yenə Rusiya ilə bağlı əsl niyyətini ortaya qoydu. Vəziyyət Rusiyanın əleyhinə kəskin dəyişərsə, o zaman Ermənistanın daha açıq formada bu ölkənin üzərinə getməsi qaçılmaz olacaq.
“Yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırlar”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Ermənistana heç vaxt etibar etmək olmaz: “BMT-də Rusiya ilə bağlı müzakirələr bir daha bunu sübut etdu. Bu o deməkdir ki, Ermənistan əslində Rusiyaya qarşıdır. Sadəcə, açıq şəkildə Rusiyaya qarşı gedə bilmirlər. Ermənistanın Rusiya ilə imzaladığı strateji müttəfiqlik sazişi bir kağız parçasıdır. Ermənistan Rusiyadan iqtisadi-hərbi baxımdan aşırı dərəcədə asılı olduğu üçün birdəfəlik bütün körpüləri yandıra bilmirlər. Çox güman ki, Ermənistanın açıq dənizə çıxışı olsaydı, o zaman onlar Rusiyadan sürətlə uzaqlaşardılar. Onlar görür ki, Rusiya Ukrayna məsələsinə görə hər keçən gün daha çox təcrid olunur. O üzdən, yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırlar”.
Vidadi ORDAHALLI