Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci il oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Gəncə terrorundan 2 il ötür, ancaq hələ də beynəlxalq təşkilatlar məlum hadisəyə hüquqi qiymət verməyib.
“Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələdə susqunluq nümayiş etdirdi, bu, ikili standartın göstəricisidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın başına gələn faciələrlə bağlı beynəlxalq qurumlar lazımi reaksiyanı heç vaxt verməyib. Tək-tük təşkilatlar erməni terroru ilə bağlı öz mövqelərini bildirib: “Təəssüf ki, dünya, beynəlxalq qurumlar erməni terrorunu görməzlikdən gəlib. Halbuki, Gəncə terroru bütün dünyanın gözü qarşısında baş verib. Gəncənin müharibə bölgəsi olmadığını hər kəs bilirdi. Raketlərin atıldığı yerlər də hərbi obyekt deyildi. Raketin atıldığı yerlərin müharibəyə heç bir aidiyyatı yoxdur. Ancaq Ermənistan tərəfi dinc əhalinin yaşadığı yerləri hədəf kimi seçir. Onlar o qədər qəddar millətdir ki, raket zərbəsini gecə saat 2-də endirir. Dünya belə bir fakta çox sərt reaksiya verməli idi. Ancaq təəssüflər olsun ki, biz onu müşahidə etmədik. Bu gün Ukraynada baş verən hadisələrə hər kəs bir ağızdan səs-səsə verərək reaksiya verir, Rusiyanı qınayır, ittiham edir. Eyni reaksiya Azərbaycan üçün də edilməli idi. Ancaq beynəlxalq təşkilatlar Azərbaycanıla bağlı məsələdə susqunluq nümayiş etdirdi. Bu, ikili standartın göstəricisidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövləti öz gücünü dünyaya göstərdi, beynəlxalq arenaya sübut etdi ki, hazsızlığa təkbaşına da sinə gərə bilər.
Günel CƏLİLOVA