İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən muzdlu şəxslər içərsində Rusiya, Gürcüstan, İran vətəndaşları var.
Trend-in məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.
O qeyd edib ki, onların müəyyən bir qismi axtarışa verilib.
“Hər bir halda onlar Azərbaycan qanunları ilə cinayətə cəlb ediləcəklər”, -deyə o əlavə edib.
"İstintaq olunan cinayət işi çərçivəsində həm sosial şəbəkələrdə erməni hərbi siyasi rəhbərliyinin açıq terror çağırışlarına, terrorla bağlı bəyanatları əməliyyat orqanlarımız tərəfindən fiksə edilib. Onlarla bağlı istintaq orqanları qərarlar qəbul edib. Azərbaycan hazırda bu şəxslərin qanun qarşısında cavab vermələri üçün əlindən gələni edir. Qeyd edim ki, bu şəxslərin kimlikləri Azərbaycanın aidiyyəti qurumları tərəfindən müəyyən edilib. O şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri tələb edilir. İlkin olaraq tərəfimizdən aparılan müəyyən istintaq yolları ilə bu məlumatlar əldə edilib".
İ.Səfərov qeyd edib ki, şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq qanunlarının tələbləri əsasında həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar.
"Biz bununla bağlı 44 günlük müharibə dövründə də məlumat vermişdik. Tərəfimizdən istintaq orqanları tərəfindən muzdlu şəxslərin şəxsiyyətləri müəyyən edilib. Onlar arasında Eusiya, Gürcüstan, İran vətəndaşları var. Hansıları ki biz əməliyyat yolları ilə müəyyənləşdirmişik, bəziləri axtarışa verilib. Bu istiqamətdə işlər davam etdirilir. Birmənalı olaraq onlar Azərbaycan qanunvericiliyi qarşısında məsuliyyətə cəlb olunacaqlar. Onlar ümid edirlər ki zaman keçəcək, unudulacaq. Lakin bu belə deyil, bj müharibə cinayətdir, unudula bilməz. Bizim istəyimiz odur ki, beynəlxalq ictimaiyyət bizə qarşı təzyiq etdikləri kimi, təqsirli şəxslərə də təzyiqlər etsinlər. Törədilən bütün əməllərə hüquqi qiymət versinlər".