Məlum olduğu kimi, Avropa Şurasının bəyanatına əsasən, Avropa İttifaqının mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək. Praqada keçirilən görüşdə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılığını ifadə edib.
O da məlumdur ki, mülki missiya Avropa İttifaqına məxsusdur. Ancaq Azərbaycanla Ermənistan sərhədinin bəzi hissələrində, xüsusən də sərhədə yaxın yerlərdə Rusiya silahlı qüvvələri mövcuddur. Üstəlik, bir müddət əvvəl Qazaxın işğal altında olan 7 kəndində Rusiya ordusunun hərbi hissəsinin yaradılmasına dair məlumatlar yayıldı. Özü də hərbi hissə Azərbaycanla Ermənistan sərhədinin elə yerində yaradılırdı ki, həmin kəndlərlə Azərbaycan arasında əlaqə kəsilsin. Başqa bir tərəfdən, 102-ci bazanın Azərbaycanla sərhədə yaxın olan hissəsində biriqadası yerləşdiriləcək. Belə olan halda Avropa İttifaqının mülki missiyası sərhədə yaxın yerlərdə Rusiya hərbçilərinin razılığı olmadan necə monitorinq apara bilər? Rus hərbiçiləri onlara bu şəraiti yaradacaqmı? Deməli, Ermənistan bunu qəsdən edir ki, onlar toqquşsun.
“Bu, Ermənistana baha başa gələcək”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Ermənistan məqsədyönlü şəkildə bunu edir: “Məqsəd odur ki, Qərbin hərbi bazalarının Ermənistanda yerləşməsinə indidən münbit zəmin yaratsınlar. Çünki bu təşəbbüsün özü Rusiyaya sataşmaq anlamına gəlir. Nəzərə almaq lazımdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Hərbi təşkilatın üzvi olan Ermənistan strateji müttifiqini saymayaraq Avropa mülki missiyasını sərhədə çağırır. Bunun siyasi oxunuşu o deməkdir ki, Ermənistan Rusiyaya inanmır və etimad göstərmir. Özü də bunun indiki vaxtda baş verməsi İrəvanın Moskvaya xəyanətidir. Məsələ ondadır ki, Ukrayna ilə əlaqədar Avropa İttifaqı ilə Rusiya qarşıdurma vəziyyətindədir. Rusiya Avropanın bəzi ölkələrini Ukraynanı silahla təmin etdiklərinə görə hədəf alacağını bəyan edir. Belə bir şəraitdə mülki missiyanı sərhədə çağırmaq Avropa İttifaqı ilə Rusiyanı toqquşdurmaq anlamına gəlir. Bu isə Ermənistana baha başa gələcək”.
Vidadi ORDAHALLI