Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyevə bütün kommunikasiyaların açılması ilə bağlı təklif verdiyini bildirib. Bu barədə sosial şəbəkə hesabında yazan Paşinyan qeyd edib ki, əvəzində İlham Əliyevdən bu təklifə müsbət reaksiya almayıb:
“Təkrar edirəm, Ermənistan bütün regional kommunikasiyaların açılmasına öz suverenliyinə hörmət və qanunvericiliyi daxilində hazırdır”.
Prezident İlham Əliyevin Paşinyanın bu paylaşımından əvvəl verdiyi müsahibə və açıqlamaları isə onu deməyə əsas verir ki, Ermənistan baş naziri yalan danışır. Azərbaycan Prezidentinin ona ünvanladığı ittihamını öz adından bizə yönəlik səsləndirir.
Bununla Paşinyan növbəti dəfə öhdəlikdən yayınmağa cəhd edirmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Praqa görüşündən sonra Azərbaycan kanallarına verdiyi açıqlamada Paşinyandan Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək yol istədiyini, ancaq buna müsbət cavab almadığını dedi. Bununla da Paşinyanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikdən biabırcasına yayınmağa çalışdığını dedi. Nikol Paşinyan isə növbəti ucuz spekulyasiyaya başlayıb. Deyir ki, Ermənistan kommunikasiyaları açmağa hazırdır. Deyir ki, azərbaycanlıların Qazax istiqamətindən Ermənistana daxil olaraq, Naxçıvana getməsinə şərait yarada bilərlər. Görünən budur ki, erməni baş nazir nə yolla olursa-olsun, “Zəngəzur dəhlizi” mövzusunu unutdurmağa çalışır.
Naxçıvana gedən dəmir yolu və avtomobil yolunun haradan keçməli olduğunu hamı bilir. Söhbət Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Prezident İlham Əliyevin xüsusi vurğu ilə dediyi Zəngəzurdan gedir.
Ermənistan isə bir daha 10 noyabr bəyanatında əksini tapan sözlərdən sui-istifadə etməklə məşğuldur. Bəyanatda Zəngəzur sözü yoxdur arqumentindən yapışıb.
Nikol Paşinyan 10 noyabr bəyanatını imzalayandan bəri 2 ildir bu cür söz oynatmaqla məğşuldur.
Gah da deyir ki, Zəngəzurdan dəhliz yox, yol verə bilərlər. Qəribə məntiqdir, özləri Ermənistandan Qarabağa dəhliz statuslu yoldan istifadə etməklə gedir, bizə isə yalnız yol verə biləcəyini deyirlər. Yaxşı bilməlidirlər ki, Azərbaycan diplomatiyasının edə bilmədiyini Ordumuz etməyə qadirdir. Biz Ermənistanı istənilən yolla öz imzasına sahib çıxmağın vacib olduğunu başa salmağa qadirik”.
Mıhəmmədəli QƏRİBLİ