Praqada baş tutan danışıqlar, əldə edilmiş bəzi razılaşmalardan dərhal sonra Rusiya telekanallarında, mətbuatında açıq-aşkar bu anlaşmaları sual altına qoyan bəyanatlar səsləndirilir. Hər vasitə ilə əldə olunan razılaşmaları gözdən salmağa, qaralamağa çalışırlar.
Provokativ formada deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir və rəsmi Moskvanın birbaşa iştirakı olmadan bölgədə sülh mümkün deyil. Rusiyanın iştirakı, moderatorluğu olmadan dayanıqlı stabillik mümkün deyil.
Bütün bunlar azmış kimi, Solovyovdan sonra rus təbliğatçısı, Kremlin təbliğat ruporlarından biri Sergey Karnauxov Azərbaycanı hədəf alaraq sərsəmləyib. O, “Qarabağda referendum keçirək, onu Rusiyaya birləşdirək” kimi absurd “ideya” irəli sürüb. Qarabağda etnik ruslar yaşamadığı halda mənasız tezislər ortaya atırlar. Onsuz da Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi olaraq iştirak edir. O zaman belə qaralama kampaniyası nə deməkdir?
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədli hesab edir ki, Rusiya mediasının Praqa görüşünə bu dərəcədə qısqanclıqla yanaşması anlaşılan deyil: “Məsələ ondadır ki, 10 noyabr razılaşmasının moderatoru Rusiyadır. Müvəqqəti də olsa Qarabağda Rusiya sülhməramlıları yerləşib. Digər məsələlərdə də Rusiyanın vasitəçiliyi var. Ötən iki ildə Rusiyanın dominantlığı ortadadır. Ancaq o da var ki, Ukraynada baş verənlərə görə Rusiyanın dünyada imici zəifləyib. Bəzi dövlətlər Rusiyanın vasitəçiliyinə o qədər də önəm vermir. Bunu ən çox istəyən Ermənistandır. Onlar istəyir ki, yeni bir formatda Qərbin hesabına Azərbaycanı küncə sıxışdırsınlar. Yaxşı olardı ki, Rusiya mətbuatı bunların üzərinə getsin. Yəni, Ermənistanın siyasi oyunmazlığını ifşa etsinlər. Ancaq biz görürük ki, Rusiyada erməni əsilli jurnalistlər, erməni lobbisinin təsiri altında olan media qurumları bunun əksini edir. Çünki onlar Azərbaycanı bu məsələdə qalib görmək istəmirlər. O baxımdan düşünmürəm ki, Rusiyanın ali rəhbərliyi bunda birbaşa maraqlıdır. Biz nəzərə almalıyıq ki, Rusiya böyük ölkə olduğu üçün orada çoxsaylı qüvvələr var. Bəzi dairələr daha çox Ermənistanı himayə edirlər. Məhz onların təsiri altında olan media resursları tərəf tutaraq suyu bulandırmaq istəyirlər. Ancaq fakt faktlığında qalır ki, Praqa görüşündə Azərbaycan qələbə qazanıb. Reallıq ondan ibarətdir ki, bunlar Prezident İlham Əliyevin misilsiz diplomatik qələbəsini həzm edə bilmirlər. Ona görə böhtan atırlar”.
Vidadi ORDAHALLI