Fransa səfiri Zakari Qros oktyabrın 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə diplomata oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı etiraz notası təqdim edilib.
Görüşdə son zamanlar Azərbaycanın Fransanın ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı bu ölkədə məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib.
Növbəti belə bir hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı qarşı tərəfin diqqətinə çatdırılıb. Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi vurğulanıb. Eyni zamanda, qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətini Fransanın səlahiyyətli orqanlarına çatdıracağını söyləyib.
Artıq Avropa ölkələrində olan neçənci belə hal təkrarlanır. Sübut olunur ki, səfirlik binalarımız bilərəkdən mühafizə olunmur. Təbiidir ki, bütün bunlar diplomatlsrımızın da həyatı üçün təhlükə yaradır. Səfirlik binalarımızın və diplomatlarımızın təhlükəsizliyinin normal təmin edilməsi üçün Azərbaycan hansı əlavə tədbirlər görməlidir?
Cümhüriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan çox doğru olaraq belə nota təqdim edib: “Fransa və digər ölkələr 1961-ci ildə qəbul edilən Vyana Konvensiyasına əməl etməlidirlər. Həmin öhdəlikdə ölkələr ərazilərində olan bütün səfirliklərin mühafizəsinə görə məsuliyyət daşıyırlar. Biz görürük ki, təhlükəsizliyə zəmanətləri ilə öyünən bir çox ölkələrdə Azərbaycan səfirliklərinə hücumlar olur. Maraqlıdır ki, nə bu əməli törədənlər lazımi şəkildə cəzalandırılır, nə də səfirlik binalarımıza dəyən ziyan ödənilir. Hansı ölkələrdə belə hadisələr baş verirsə, bunun təsadüf olmadığı qənaətinə gəlirik. Onlar bilməlidir ki, atdıqları bütün addımların layiqli cavabını ala bilərlər. Əvvəl qanunvericiliklə olunan xəbərdarlıqdan nəticə çıxarsınlar. Bu effekt verməsə, bizim də milli qüvvələrimiz onların ölkəmizdəki səfirlikləri önündə analoji addımları ata bilərlər. Fransa və digərlərinin bütün çalışmaları ermənilərin xeyrinə olub. İndi də bu cür üsullarla bizə təzyiq etdiklərini düşünürlər. Rusiya-Ukrayna müharibəsindən sonra bunların iç üzü açıldı. Biri gizli gəlir, digəri özünü maskalayır. Bu cür təzyiqlər bizim irəliləyişlərimizə kölgə sala bilməz. Ortaya nə qədər saxta videolar çıxarsalar da xeyri yoxdur. Biz haqq yolundayıq. Azərbaycan türk diplomatlarına terrorlar həyata keçirmiş bir toplumla üz-üzədir. Buna görə də, diplomatlarımızın mühafizəsi və səfirlik binalarımızın təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirməliyik. Həmin ölkələrdəki diaspor təşkilatlarımız da fəallığı artırmalıdır. Belə hallarla mübarizədə koordinasiyalı fəaliyyət ortaya qoyulmalıdır”.
Məhəmmədəli QƏRİBLİ