“Rusiya, Aİ, ABŞ nə Qarabağın müstəqilliyini, nə də Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazırdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
O bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ probleminin həlli ilə bağlı öz baxışları var, lakin onların hər birinin öz həll paketi olduğunu söyləmək olmaz. Onun sözlərinə görə, yuxarıda adları çəkilən beynəlxalq strukturların və ölkələrin heç biri Qarabağın müstəqilliyini tanımağa və Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil: “Təbii ki, yanaşmalarda fərqliliklər var. Bu ölkələr, faktiki olaraq, beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatlar veriblər. Azərbaycanın beş təklifinə gəlincə, bunlar beynəlxalq səviyyədə tanınmış qətnamələrdir. Onların əsasında sülh müqavilələri imzalanır. Mən demirəm ki, bütün sülh müqavilələri eynidir. Amma mahiyyət etibarilə beynəlxalq səviyyədə tanınan sərhədlərin tanınması, ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və s. prinsiplər formalaşıb. Bu ifadələr yüz faiz eyni deyil, əslində, eyni məna daşıyır”.
Bütün bunlar onu göstərir ki, ermənilər separatizmdən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.
“Bu, Azərbaycanın qələbəsinin dünya qarşısında etiraf olunması deməkdir”
Məsələyə münasibət bildirən Dövlət İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Paşinyanın məlum etirafı bir sıra məqamlardan xəbər verir: “Paşinyanın son bəyanatı onu göstərir ki, dünya ictimaiyyəti, birliyi Ermənistanı artıq dəstəkləmir. Necə deyərlər, artıq bundan vaz keçiblər. Bununla bir növ, dolayı da olsa, Paşinyan ictimai rəyi buna hazırlayır. Yəni reallaşması mümkün olmayan ideyaların arxasınca getmək doğru deyil. Azərbaycanın haqlı fikirlərinə daha çox inanırlar, nəinki Ermənistanın yalan vədlərinə. Bu baxımdan hesab edirəm ki, son açıqlama Paşinyan tərəfindən dünya ictimaiyyətinə bir mesajdır. O mənada ki, reallıqlarla barışmaq lazımdır. Bu, Azərbaycanın qələbəsinin dünya qarşısında etiraf olunması deməkdir. Paşinyan həm də demək istəyir ki, prosesin uzadılması Ermənistanın ziyanına işləyə bilər. Revanşizm ölkəni fəlakətə aparır”.
Sosioloq onu da əlavə etdi ki, erməni cəmiyyəti bütün bunları düzgün dəyərləndirməsə itirən tərəf onlar olacaq.
Vidadi ORDAHALLI