Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Mülki vətəndaşlarımız və hərbçilərimiz bu terror nəticəsində ya həlak olurlar, ya da ağır xəsarətlər alırlar. Lakin beynəlxalq təşkilatlar hələ də bu terrora göz yummağa davam edir.
Açıqlanan rəsmi məlumatlara əsasən, son 3 gün ərzində 5 nəfər mülki şəxs minaya düşüb. Onlardan 2-si dünyasını dəyişib, digər üçü isə ağır bədən xəsarətləri alıblar. Qeyd edək ki, işğaldan azad edilən ərazilərimizdə ANAMA-nın əməkdaşları tərəfindən mütəmadi minatəmizləmə əməliyyatlarının aparılmasına baxmayaraq, mülki vətəndaşlar, hərbçilər, minatəmizləyənlər hələ də bu görünməyən təhlükə ilə qarşı qarşıyadırlar.
Məlumat üçün bildirək ki, 10 noyabr 2020-ci il tarixindən bugünədək 260 nəfərə yaxın şəxs mina terrorunun qurbanı olub. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də bu terrora göz yummağa davam edir.
“Beynəlxalq ictimaiyyət, böyük qüvvələr ölkəmizə qarşı ikili standart yürüdür, yəni…”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın türklərə qarşı terroru illərdir bütün dünyanın gözü qarşısında baş verir. Ermənilər ölkəmizə qarşı terror törətməkdə davam edirlər: “Bu cür hadisələr Moskva, Paris və digər ölkələrdə baş verən zaman beynəlxalq ictimaiyyət ermənilərə kin-nifrət püskürmür, ermənilərin üzərinə bizim üstümüzə gəldikləri kimi getmirlər. Bu da ondan xəbər verir ki, beynəlxalq ictimaiyyət, böyük qüvvələr ölkəmizə qarşı ikili standart yürüdür. Yəni Azərbaycan və ya Türkiyənin başına bir iş gələrsə bunu görməzlikdən gələcəklər, ancaq Ermənistanla bağlı hansısa hadisə baş verərsə ona tələm-tələsik reaksiya verəcəklər. Bu baxımdan da mina terroru davam etdikcə dünyanın aparıcı gücləri susmağa davam edəcəklər. Azərbaycan tərəfi bütün bunları görür. Və bununla bağlı lazımi işləri də həyata keçiririk. Belə ki, Ermənistana qahmar çıxan güclərə xatırladırıq ki, siz səhv yoldasız. Azərbaycan tərəfi Ermənistanın törətdiyi terror hadisələrini ictimailləşdirir”.
Günel CƏLİLOVA