Məlum olduğu kimi, bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb. Bu videonun saxta olduğu şübhəsizdir.
Hərbi Prokurorluq sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.
Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
Əlbəttə, bu, Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış videodur. Üstəlik də, BMT-nin beynəlxalq işgəncələrlə mübarizə günü ərəfəsində onu dövriyyəyə buraxmaqları heç də təsadüfi deyil. Məqsəd müharibədən sonra onların bütün cəbhə boyu sıxışdırılmasını, uğursuzluqlarını, zəifliyini kompensasiya etməkdir. Eyni zamanda da Azərbaycanda hələ də saxlanılan və “hərbi əsir” kimi qələmə verdikləri terrorçuların, təxribatçıların, diversantların geri qaytarılmasına nail olmaqdır. Bu saxta videonu quraşdırmaqda məqsəd budur.
Çox təəssüf ki, bu videonun yayılmasında Azərbaycanda sosial şəbəkə istifadəçiləri də iştirak edib. Bu vətənə, dövlətə, millətə açıq şəkildə xəyanətdir. Bunu kimlər ki, yayıb? Bu saxta videonun yayılmasında iştirak edən bütün azərbaycanlılar məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə, bunu etmək dövlətə qarşı cinayətdir, dövlətə çox böyük zərbədir.
“Azərbaycanlı sosial şəbəkə istifadəçilərindən kimlərsə erməni toruna düşüb bu yanlış işi görübsə, müvafiq qurumlar onlara qarşı tədbir görməlidir”
Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan sosial şəbəkə seqmentində yayılan məlum saxta video ilə bağlı hələlik dəqiq bir məlumat vermək mümkün deyil. “Belə ki, Azərbaycanın müvafiq qurumları, eyni zamanda Hərbi Prokurorluq bəyan edib ki, bu məsələ ilə bağlı araşdırma aparılır. Bu əgər öz təsdiqini taparsa müvafiq tədbirlər görüləcək və sözdə “güllələnmə” kadrlarını əks etdirən videodakı şəxslər tapılacaq. Lakin bəri başdan onu deyək ki, o saxta videodakıların nə üzləri görsənir, nə də kimlikləri bilinir. Ümumiyyətlə, bunun bir ssenari olması daha çox diqqəti cəlb edir. Ancaq məsələnin digər tərəfi də var. Məsələ ondadır ki, ermənilər məhz görüşlər ərəfəsində bu videonu yayıblar. Bildiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirildi. Ayın 5-də də dövlət başçıları səviyyəsində görüşün keçirilməsi gözlənilir. Bütün bunların ərəfəsində həmin videonun ortaya atılması özündə bir sıra suallar doğurur. İlk növbədə biz belə bir nəticəyə gələ bilərik ki, həmin videonun yayılması sülh danışıqlarını, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzatmağa, bütövlükdə isə sülh prosesini pozmağa yönəlmiş addımdır. Son vaxtlar, nəinki Ermənistan müxalifətinin, Ermənistan hakimiyyətinin də revanşist xarakterli çıxışları belə deməyə əsas verir ki, Ermənistan sülhə hazır deyil və ağır vəziyyətdə olmasına rəğmən yenə də Azərbaycana qarşı diş qıcadır”.
Onun sözlərinə görə, bu saxta videodan sonra Avropanın bəzi dairələrinin, o cümlədən də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu təsdiq olunmayan video ilə bağlı fikir bildirməsi, Azərbaycanı ittiham etməsi də belə nəticəyə gəlməyə imkan verir ki, Ermənistan məhz nökərçilik etdiyi Qərb dairələri vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır: “Ermənilər bu saxta videonu düzüb-qoşub ortaya atmaqla öz ağaları vasitəsilə Azərbaycana təzyiq göstərib öz çirkin niyyətlərini gerçəkləşdirmək istədilər. Lakin bu da baş tutmadı. Mən burada xüsusilə uğurlu fəaliyyət göstərən Azərbaycan Teleqram qruplarını qeyd etmək istəyirəm. Teleqram kanallarındakı müxtəlif qruplar, Teleqram kanalları vətənpərvərlik göstərərər dərhal nəinki Toivo Klaarın, eləcə də digər Avropa və Amerika siyasilərinin tvitter səhifəsinə ermənilərin 44 günlük müharibə dövründə və Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, vandalizmi əks etdirən videoları göndərdilər, bundan sonra sanki erməni seqmentində qurbağa gölünə daş atdılar, onlar susdular. Onların iddia etdikləri, lakin sübut edə bilmədikləri video qalsın bir kənara. Bizim əlimizdə erməni vəhşiliyini, qaniçənliyini əks etdirən kifayət qədər videolar var və bunlar erməniləri susdurdu. Eyni zamanda Toivo Klaar erməni vəhşiliklərini əks etdirən videoları gördükdən sonra yeni bir tvit paylaşdı və bildirdi ki, əslində ermənilərin bu vəhşilikləri də araşdırılmalıdır. Məsələ budur.
Bəzi Azərbaycan sosial şəbəkə istifadəçilərinin də bu saxta videonu paylaşması qəbuledilməzdir və onların çoxu bəlkə də bilmədən ermənilərin toruna düşüb. Ermənistan xüsusi xidmət orqanlarınının qurduğu tora düşən bu şəxslərlə də bağlı araşdırma aparılmalıdır. Azərbaycanlı sosial şəbəkə istifadəçilərindən kimlərsə erməni toruna düşüb bu yanlış işi görübsə, müvafiq qurumlar onlara qarşı tədbir görməlidir. Amma əvvəlcə bu məsələ ciddi araşdırılmalıdır” - deyə R.Rəsulov vurğuladı.
İradə SARIYEVA