Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Xocavənd rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən isə bildirilib ki, partlayış nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.
ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.