Ermənistanın ikinci prezidenti Robert Köçəryan geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında çoxsaylı məsələlərə toxunan Köçəryan qeyd edib ki, Qarabağa görə Rusiya Azərbaycana qarşı əsla hansısa hərbi əməliyyat aparmayacaq. O bunu onunla əlaqələndirib ki, bu gün Rusiyanın Azərbaycanla müttəfiqlik münasibətləri var.
O üzdən, Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyata başlaya biləcəyini düşünmək gülüncdür. Türkiyənin qarşısının alınmasına gəlincə, Köçəryan əmindir ki, bu gün buna nə Rusiyanın, nə ABŞ-ın, nə Fransanın gücü çatar.
Ən maraqlısı odur ki, Köçəryan bu dəfə “itirilmiş torpaqları geri qaytaracağıq” şüarını səsləndirməyə də risq etməyib. Halbuki, sonuncu mətbuat konfransına qədər keçirdiyi bütün tədbirlərdə əminliklə deyirdi ki, ən azından Şuşa və Hadrutu geri qaytarmaq mümkündür. Azərbaycana qarşı aqressiv tonda danışırdı. Lakin son mətbuat konfransında ermənilərin nisbətən kompakt yaşadığı Hadrutun adını belə çəkməyə cəsarət etmədi.
Maraqlıdır, onun ərazi iddiaları ilə bağlı yanaşmasında kəskin dəyişiklik nə ilə bağlıdır?
“Bütün bu və digər faktorları nəzərə alaraq Köçəryan əvvəlki kimi ambisiyalı danışa bilmədi”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli bunun səbəbini siyasi-hərbi üstünlüyün Azərbaycanın xeyrinə olması ilə əlaqələndirdi: “Köçəryan görür ki, hazırkı reallıqlar 90-cı illərdəki vəziyyət deyil. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı tamamilə yeni vəziyyət yaradıb. Məsələ ondadır ki, Dağlıq Qarabağın ətrafında yerləşən bütün rayonlar ordumuzun nəzarətinə keçib. Döyüşlər zamanı Qarabağın dağlıq hissəsinin əhəmiyyətli yaşayış məntəqələri azad edilib. Xüsusən də Şuşanın işğaldan azad edilməsi ermənilərin belini qırıb. Xankəndinin yaxınlığında yerləşən Şuşanın əlimizdə olması separatçıların nəfəsini kəsir. Əvvəl belə idi ki, ətraf rayonlar işğal altında olduğu üçün Ermənistan separatçıları həm quru, həm də hava yolu ilə hərtərəfli təchiz edirdi. İndi bütün bu imkanlardan məhrum olublar. Əvvəlki kimi, Laçın yolu ilə istədiklərini gətirə bilmirlər. Necə deyərlər, Qarabağdakı separatçılar hər tərəfdən mühasirədədilər. Rusiya sülhməramlıları orada olduğu üçün separatçılar 2 il əvvəl olduğu kimi sərbəst deyillər. Üstəlik, dünya birliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Ötən iki ildə bir daha bu öz təsdiqini tapdı. Ən nəhayət, Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artıb. Türkiyə kimi güclü müttəfiqimiz var. Bütün bu və digər faktorları nəzərə alaraq Köçəryan əvvəlki kimi ambisiyalı danışa bilmədi”.
Vidadi ORDAHALLI