Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill son xütbəsində rus əsgərlərə xitabən “vətən qarşısında borclarını yerinə yetirməyə get və döyüşdə ölməkdən qorxma” deyib. Onun sözlərinə görə, başqaları üçün fədakarlıq törətdikləri bütün günahları təmizləyəcək.
Rusiyanın hazırda çətin dövr yaşadığını vurğulayan Kirill ölkəni bürüyən etiraz aksiyalarını görməzdən gələrək deyib ki, guya gənclər Rusiya ordusuna axışır və müharibədə iştirak eləmək onların arzusudur. Patriarx Kirill rus ordusuna müraciət edərək onları "əbədi həyatı həmişə xatırlamağa" çağırıb və deyib: "Gedin, öz hərbi borcunuzu cəsarətlə yerinə yetirin. Yadda saxlayın ki, əgər siz canınızı vətən, dostlarınız üçün qurban vermisinizsə, o zaman Allahın izzətində, əbədi həyatda Onunla birlikdə olacaqsınız”.
Kirril iddia edib ki, Rusiya ordusu heç kimə hücum etmir, sadəcə öz sərhədlərini qoruyan sülhsevər qüvvədir. Qeyd edək ki, Patriarx Kirill İngiltərə, Kanada və Litvada sanksiya siyahısındadır. Avropa Birliyinin qəbul etmək istədiyi sanksiya qərarı isə Macarıstan tərəfindən əngəllənib.
Roma Papası Fransisk isə Kirillin bu çağırışına etiraz edib və deyib ki, heç bir dünyəvi din müharibəyə çağırış edə bilməz. Bildirilir ki, Papa Rusiya və Ukraynaya səfər edə bilər. Katoliklərin dini lideri müsahibəsi zamanı bildirib: “Kanadadan qayıtdıqdan sonra Ukraynaya gedə bilərəm. Həmçinin ilk edəcəyim şeylərdən biri də Rusiyaya səfər olacaq. Hər iki ölkənin paytaxtında olmaq istəyirəm”.
Xatırladaq ki, Roma Papası Rusiya prezidenti Vladimir Putinin nüvə silahının mümkün istifadəsi ilə bağlı açıqlamasını şərh edərkən də sərt ifadələr işlədib. Deyib ki, bu barədə düşünmək belə dəlilikdir.
Roma Papasının rus Patriarxına qarşı demarşını necə dəyərləndirmək olar?
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, bütün səmavi müqəddəs kitablarda müharibəyə yox deyilir: “Bu fikirlər İncildə də öz əksini tapır. Təəssüflər olsun ki, sonrakı dönəmlərdə dinlər siyasi hakimiyyətlərin əlində bir təsir vasitəsinə çevrildi. Biz bunu İslam dinində də görürük. Məsələn, İran dini öz əlində bir alətə çevirib. Rusiya patriarxının insanları müharibəyə çağırması çox müsbət haldır. Necə ki, müsəlmanın müsəlmanı öldürməsi günah sayılır, eləcə də bir xristianın digər xristianı öldürməsi günahdı. Mən bu məsələ ilə bağlı erməni din xadimlərindən də bir misal çəkərdim. Uzun illərdi ki, onlar insanları müharibəyə, türklərə qarşı qisasa çağırır. Maraqlıdır ki, heç Roma papaları erməni dindarlara öz etirazlarını bildirmirdilər. Görünür ki, din bütün dünyada siyasiləşib. Hazırda Ukraynadakı müharibəyə görə Qərbin və ABŞ-ın maraqları Rusiya ilə üst-üstə düşmür. Yəqin ki, Qərb və ABŞ Rusiya ilə birlikdə hansısa bir müsəlman ölkəsinə qarşı hərəkət etsəydi Papa belə mövqe sərgiləməzdi. Bir daha sübut olunur ki, xristianlığı da siyasətə alət ediblər. İsa peyğəmbər deyir ki, bir üzünə sillə vururlarsa, o biri üzünü çevir. Yəni fundamental olaraq xristianlıq müharibəni qəbul etmir. Hər bir halda Roma Papasının bu çağırışını müsbət saya bilərik. Rusiyanın torpaqlarına hücum olsaydı Kirillin çağırışını normal qəbul edə bilərdik. Onun bəyanatında Risiya hakimiyyətinin təsiri açıq görünür. Məndə olan məlumata görə, həmin ölkədəki müsəlman din xadimlərinə də deyilib ki, Rusiyadakı müsəlmanları müharibəyə səsləsinlər. Yaxşı olar ki, din xadimləri bu məsələyə qarışmasınlar”.
Məhəmmədəli QƏRİBLİ