Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Baş naziri Nikol Paşinyanla da görüşüb.
N. Dendias səfər zamanı Azərbaycana əməllicə meydan oxuyub və Ermənistana dəstək mesajı verib: “Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq. Yunanıstan Ermənistanla tam həmrəy olduğunu bəyan edir”.
Yunanıstan bir tərəfdən Azərbaycandan daha çox qaz almaq istəyir, o biri tərəfdən bu provokativ açıqlamalarla çıxış edir. Diqqəti çəkən digər vacib məqam ondan ibarətdir ki, Yunanıstan bu ilin yayında Rusiya hökuməti tərəfindən “dost olmayan” xarici dövlətlərin siyahısına daxil edilib. Nəticədə Yunanıstan qeyri-dost ölkələr siyahısında yer alıb. Üstəlik, bundan əvvəl Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb. Belə ki, Ermənistan casus proqramından istifadə edərək Yunanıstanda telefon danışıqlarını dinləyib. Əslində Yunanıstan Rusiyanın “dost olmayan” ölkələr siyahısında olduğu üçün, İrəvanın Afinaya münasibəti sərt olmalıdır. Çünki Ermənistanla Rusiya strateji müttəfiqdilər. Ancaq bunun tam əksinə olaraq, Ermənistan bütün bunları görməzdən gələrək Yunanıstana sığınır.
“Ermənistanın Rusiyanı atıb Yunanıstana sığınması Paşinyan hökumətinin Qərbə reverans etməsinin göstəricisidir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, bütün bunlar bir daha sübut edir ki, Ermənistan, ermənilər üçün strateji müttəfiq anlayışı yoxdu: “Onlar üçün bu kimi dəyərlər nisbi xarakterlidir. Kim güclüdürsə, ermənilər tarixən onun yanında olublar. Hansı dövlət onları himayə edibsə və bir müddət sonra zəifləyibsə ermənilər o dəqiqə arxadan zərbə vurublar. Bu, ermənilərin xislətindən irəli gələn bir məsələdir. Yunanıstan tarixən Ermənistanla xüsusi yaxın münasibətlərə malik ölkə olub. Yunan-erməni birliyinin kökündə bunların türklərə bəslədiyi düşmənçilik dayanır. Osmanlı İmperiyasının zəiflədiyi dönəmlərdə bunlar türklərə qarşı birgə mübarizə aparıblar. Bunun nəticəsidir ki, illər əvvəl Yunanıstan Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan TAP kəmərinin tikintisinə süni maneələr yaratdı. Bu səbəbdən kəmərin çəkilişində gecikmələr yaşandı. Ukraynada baş verənlərlə əlaqədar Yunanıstan-Rusiya münasibətləri pisləşib. Bunun başlıca səbəbi Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi sərt sanksiyalarla bağlıdır. Yunanıstan da 42 ildir Aİ-nin üzvüdür. Ermənistanın Rusiyanı atıb Yunanıstana sığınması Paşinyan hökumətinin Qərbə reverans etməsinin göstəricisidir. Bununla Paşinyan açıq şəkildə Qərbi seçdiklərini göstərir. Üstəlik, Rusiyanın Ukraynada ilişib qalmasından İrəvan maksimum istifadə etməyə çalışır”.
Vidadi ORDAHALLI