İranda son vəziyyət olduqca gərgindir. Məlum olduğu kimi, sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub və bu gün də etirazlar səngimək bilmir, etirazçıların kütləvi olaraq həbs edildiyi barədə məlumatlar yayılır. İran isə rəsmən bəyan edir ki, bu görüntülər real deyil, saxtadır.
Onu da vurğulayaq ki, Məhsa Əmininin anası və yaxınları aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar. Bundan əlavə, etirazçılara qoşulduğu və onlara dəstək verməsi iddiası ilə İranın sabiq prezidenti Haşimi Rəfsancanin qızı da saxlanılıb. İranın əksər bölgələrində, o cümlədən də Cənubi Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edir, soydaşlarımız İran dövlətinin apardığı siyasətə, zorakılığa, insan haqlarına qənim olan addımlarına etirazlarını bildirirlər. Son günlər Teleqram kanallarında yayılan məlumatlara görə, SEPAH soydaşlarımızın etirazlarını səngitmək, dayandırmaq üçün zor tətbiq edir və Hizbullah terrorçularını onların üzərinə yeridir. Teleqramda yayılan son məlumatlara görə, Azərbaycanın quzeyində dini ekstremistlərindən olan “SEPAH” qüvvələri tərəfindən yaradılmış “Hüseyniyun” terror qruplaşması "Azəri" terror qruplaşması ilə birlikdə Azərbaycanın güneyində soydaşlarımıza qarşı savaşmağa göndərilib. Xəbərdə qeyd edilir ki, sapı özümüzdən olan baltalar Livan ermənisi ilə bir arada soydaşlarımıza qarşı divan tutur.
“Fakt budur ki, “Hüseyniyun”, “Azəri” kimi terror qruplaşmaları əsas olaraq İranın dini dairələrinin əlləri altında fəaliyyət göstərir”
Mövzuya şərh verən siyasi ekspert Rövşən Rəsulov bizimlə söhbətində bildirdi ki, İranın müəyyən qaranlıq dairələri ilə erməni terror qruplaşmaları arasında kifayət qədər sıx münasibətlər mövcuddur: “Eyni zamanda Livanda, Suriyada, eləcə də ətraf ölkələrdə onların müxtəlif adda terror xarakterli qruplaşmaları faəliyyət göstərir. Həmçinin ortada olan məqsəd islam pərdəsi altında aydın şəkildə digər millətlərə, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik mövqeyi sərgiləməkdir. Bütövlükdə götürdükdə buna fars şovinizmi deyirlər, digər tərəfdən isə bunu terror məqsədli addımlar kimi qiymətləndirmək mümkündür. Ümumiyyətlə, SEPAH-ın tabeliyində “Hüseyniyun”, “Azəri” və sair qruplaşmalar var ki, onlar müxtəlif vaxtlarda Suriyada, eləcə də Livanda başqa qruplaşmalara qarşı döyüşüblər, o cümlədən hökumət və dövlət qüvvələri tərəfə də silah qaldırıblar. Fakt budur ki, “Hüseyniyun”, “Azəri” kimi terror qruplaşmaları əsas olaraq İranın dini dairələrinin əlləri altında fəaliyyət göstərirlər. Bu gün Cənubi Azərbaycanda-Təbrizdə, Ərdəbildə, Zəncanda və sair şəhərlərdə baş verən etirazların qarşısını almaq istəyirlər. Bu gün təkcə türklər deyil, başqa xalqlar da etiraza qalxıb, etirazçıların arasında farslar da, kürdlər də, bəluclar da, bəhai təriqətinə tapınanlar da, digərləri də var. Bu gün etirazçıların arasında ermənilər yoxdur. Demək ki, həmin terror qruplaşmaları ermənilərlə birləşərək soydaşlarımıza və digərlərinə qarşı silahlı müqavimət göstərir, terror törətməyə hazırlaşırlar. Etirazların qarşısını almaq istəyən fars şovinistlərinin öz kirli niyyətləri var. Onlar elə sanırlar ki, terrorçu qruplaşmalar vasitəsilə bu etirazların qarşısını ala biləcəklər. Amma gördüyünüz kimi, etirazlar səngimir, get-gedə halqası genişlənir”.
R.Rəsulovun sözlərinə görə, xüsusən də İranın daxilində yaşayan etnik qruplar da bu ölkənin zülmündən beziblər. Bu gün orada 40 milyondan artıq azərbaycanlının yaşadığını qeyd edən siyasi ekspert bildirdi ki, digər xalqlar da soydaşlarımıza dəstək göstərərək artıq öz azadlıqlarını tələb etməyə başlayıblar. “Təbii ki, etirazçıların müqaviməti çox güclüdür. Etirazları yatırmaq üçün isə terrorçu qruplaşmalardan ibarət həmin “cəza dəstələrindən istifadə edilir. Bu məsələdə artıq beynəlxalq ictimaiyyət ayağa qalxmalıdır və İranda baş verənlərə münasibət bildirməlidir. Beynəlxalq ictimaiyyət susmamalıdır, öz sözünü deməlidir. İrandakı SEPAH və digər bu kimi rəsmi “cəza dəstələri”nin insanlara qarşı vəhşiliklərinin qarşısının alınması üçün tədbirlər görülməlidir. Əks halda müqavimət daha da güclənəcək və insan itkiləri artacaq” - deyə R.Rəsulov vurğuladı.
İradə SARIYEVA