“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”. Bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, qarşı tərəf hər hansı təhdid yaratsa dərhal hərəkətə keçəcəyik: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Bir daha məlum oldu ki, qarşı tərəf hər hansı təxtibata əl atarsa, cavab daha sərt olacaq. Bu isə o deməkdir ki, belə olacağı təqdirdə növbəti lokal hərbi əməliyyatlar istisna deyil.
“Sonuncu hərbi əməliyyatlar zamanı düşmənin başını elə əzdik ki, onlar uzun müddət bunun təsirindən çıxa bilməyəcəklər”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, 13 sentyabr təxribatı zamanı düşmənə endirilən güclü zərbələr Ermənistana dərs olmalıdır: “Sonuncu hərbi əməliyyatlar zamanı düşmənin başını elə əzdik ki, onlar uzun müddət bunun təsirindən çıxa bilməyəcəklər. Məsələ ondadır ki, Ermənistan KTMT-nin qanadı altında gizlənib Azərbaycanla sərhəddə təxribatları genişləndirdi. Onlar elə bilirdilər ki, Azərbaycan KTMT amilindən çəkinib delimitasiya olunmamış sərhəddə cavab tədbirləri görməyə cəsarət etməyəcək. Ancaq ordumuzun cavab tədbirləri göstərdi ki, harada olmasından asılı olmayaraq, istənilən təhdid mənbəyi neytrallaşdırılacaq. Belə də oldu. Ermənistanla sərhəddə düşmənin çoxsaylı döyüş postu, 200 nəfərdən çox əsgəri məhv edildi. Son zərbələr qarşı tərəfdə böyük şok effekti yaratdı. Nəzərə almalıyıq ki, həm də əlverişli strateji yüksəkliklər nəzarətə götürüldü. Bu isə o deməkdir ki, Daşkəsəndən Zəngilana qədər Ermənistanla sərhəddə düşmən əvvəlki kimi təxribat törədə bilməyəcək. İstənilən diversiya qrupunun sızma cəhdinin qarşısı alınacaq. Düşmənin istənilən hərəkət cəhdi izləniləcək və gərəkən qabaqlayıca tədbirlər görüləcək. Ordumuz avqustda da Qarabağda erməni silahlı birləşmələrinin təxribatına sərt cavab verərək əlverişli strateji yüksəklikləri nəzarətə götürdü. Bu onlara dərs olmadı. Sentyabrda Azərbaycanla sərhəddə analoji təxribata əl atdılar. Bu dəfə isə əvvəlkindən daha sərt cavab tədbirləri görüldü. Prezidentin Füzulidə çıxışından bəlli oldu ki, bu son deyil. Yəni Ermənistan növbəti dəfə hər hansı təhdid yaradarsa, cavab daha kəskin olacaq”.
Bu baxımdan hərbi ekspert hesab edir ki, qarşı tərəf təxribatlara birdəfəlik son qoymalıdır.
Vidadi ORDAHALLI