44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən yolunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.
S.Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır.
“Bu kontekstdə beyin mərkəzlərinin fəaliyyəti artır. Beyin mərkəzləri dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Beyin mərkəzləri qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan şey milli maraqlardır”, - deyə o əlavə edib.
S.Yusifova bildirib ki, sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.
Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezidentin Administrasiyasının rəsmisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.
“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır”, - S.Yusifova bildirib.