Erməni apostol kilsəsinin və Rusiya pravoslav kilsəsinin Qarabağdakı qanunsuz nümayəndələri Kəlbəcər rayonunun Kolatağ kəndindəki “Akobavank” adlandırılmış erməniləşdirilmiş qədim türk xristian məbədini ziyarət edib.
Qarabağdakı qondarma “rus icması” bu haqda “Dağlıq Qarabağda xristianların birliyi” başlığı altında məlumat yayıb. Məlumatda deyilir ki, “Akobavank”ı Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşları və Rus pravoslav kilsəsinin bəzi üzvləri ilk dəfə ziyarət edib: “Bu, Dağlıq Qarabağın Rus İcması və Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının könüllü kilsə qardaşlığının ilk birgə təşəbbüsü deyil. Məbədin baş keşişi Ovanes Ovannisyan dindarları əsl rus samovarından çay və erməni şirniyyatlarına qonaq edib. Səmimi söhbət oldu”.
Məgər Qarabağda rus icması var ki, bir də bunların “xristian birliyi” olsun? Bu nə təxribatdır və bütün bunlarda məqsəd nədir?
“Onlar qanunsuzluq edir və etnik separatizmə dəstək verməklə, tarixi abidələrimiz üzərində saxtakarlıq edirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə məlum təxribatı bir sıra amillərlə əlaqələndirdi: “İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı qüvvələrinin ermənilərin yaşadığı əraziyə yerləşdirilməsi ilə rus icması məsələsi aktuallaşdı. Rusiya təhlükəsizlik xidməti əməkdaşının birini Qarabağa göndərərək, guya burada rus icmasını formalaşdırdı. Halbuki, Qarabağda beş-altı nəfər rus qadını olub və onlar da nikahla burda qalıblar. Azərbaycan ərazisində rus icması var və ikinci belə bir icmaya ehtiyac yoxdur. Azərbaycan belə bir rus icmasını tanımır və bu, Moskvadakı bəzi dairələrin avantürasıdır. Xankəndidə separatçılar da bundan istifadə edib, guya rus millətinin yaşadığını qabardırlar. Qeyd edim ki, Rusiyanın Ukraynada üzləşdiyi məğlubiyyət Moskvanın bu kimi presedentlərə də son qoymasını qaçılmaz edir. Azərbaycan Xankəndi və iki rayonda öz nəzarətini bərpa etdikdən sonra bu rus avantürüstlərini oradan çıxaracaq. Onlar qanunsuzluq edir və etnik separatizmə dəstək verməklə, tarixi abidələrimiz üzərində saxtakarlıq edirlər. Ona görə də onların çıxarılması və ləğv edilməsi istiqamətində Rusiyaya rəsmi müraciət edilməlidir. Qarabağda qədim Alban kilsələrinə qarşı vandalizm həyata keçirirlər. Bu səbəbdən hesab edirəm ki, onları Kəlbəcərdə qədim kilsəyə buraxmaq olmaz. Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrini də qədim kilsə ətrafından çıxarmaq lazımdır”.
Politoloq onu da əlavə etdi ki, məsələ diqqət mərkəzində saxlanılmalıdır.
Vidadi ORDAHALLI