Hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə qalan separatçı tör-töküntüləri hər gün yeni bir hoqqa çıxarırlar. Orada öz varlıqlarını təsdiq etmək üçün hər cür yalana, təxribata əl atan separatçılar indi də yenidən Rusuya pasportu məsələsini, “ikili vətəndaşlıq” cəfəngiyyatını ortaya atlıblar.
“Hraparak” nəşrinin xəbərinə görə, artıq separatçılar bu istiqamətdə hərəkətə keçiblər. Məlumatda qeyd edilir ki, qondarma qurumun “konstirusiya”sına Qarabağdakı ermənilərin “ikili vətəndaşlıq” almasına imkan yaradan dəyişiklik ediləcək. Nəşr qeyd edir ki, əsas məqsəd Rusiya pasportu əldə etmək istəyən Qarabağdakı ermənilərə bu imkanı yaratmaqdır.
Yadınıza salaq ki, bu ilk hadisə deyil, bundan əvvəl də dəfələrlə separatçıların Rusiya pasportu ilə təmin ediləcəyinə dair xəbərlər yayılıb. Separatçıların başçıları çalışırlar ki, bu cür xəbərlər tirajlamaqla özlərinə təsəlli versinlər.
“...Azərbaycan dövləti buna sərt şəkildə öz etirazını, adekvat münasibətini bildirəcək”
Siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, əvvəla, “Hraparak”ın özünün bu məlumatının nə dərəcədə doğru olub-olmadığı araşdırılmalıdır. M.Məmmədli hesab edir ki, bütün hallarda bu informasiyanın haradan qaynaqlandığı, kökü öyrənilməlidir və ona uyğun addım atılmalıdır. “Əvvala onu aydınlaşdırmaq lazımdır ki, “Hraparak”ın informasiyası nə dərəcədə dəqiqdir. Təbii ki, buna uyğun münasibət ortaya qoyulmalıdır. Əgər bu informasiyada, məlumatda həqiqət varsa, hesab edirəm ki, Azərbaycan dövləti buna sərt şəkildə öz etirazını, adekvat münasibətini bildirəcək. Belə bir prosesin başlanması, təbii ki, ilk növbədə həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüququn kobud surətdə pozulmasıdır, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə böyük bir hörmətsizlikdir. Belə bir hal varsa, yəni ehtimal olunan hal mövcuddursa, bunun gələcəkdə müəyyən addımlar üçün düşünülmüş olduğu ortadadır. Yəni gələcəkdə Qarabağdakı separatizm ocağını yenidən alovlandırmaq, yenidən ölkəmizə qarşı ciddi problem yaratmaq məqsədilə, təbii ki, edilə bilər”.
M.Məmmədlinin sözlərinə görə, o, istənilən halda mövcud geosiyasi reallıqlarda bu kimi addımların, hətta olsa belə, ciddi prespektivi olacağını düşünmür: “Bunun ciddi perspektivi olacağını düşünmürəm”.
İradə SARIYEVA