Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb. Habelə, Medianın İnkişafı Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Onu da qeyd edək ki, qaydalarda media fəaliyyəti ilə bağlı çoxsaylı məqamlar öz əksini tapıb. O cümlədən, bundan sonra hər yoldan ötən media fəaliyyəti ilə məşğul ola bilməz. O baxımdan maraqlıdır, Prezident fərmanı ilə təsdiq olunan “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapan maddələrin tətbiqindən sonra bu, təsadüfi adamların mediadan sui-istifadə etməsinin və digər neqativ halların qarşısının alınmasında nə kimi rol oynayacaq?
“Əgər doğrudan da mətbuat subyekti şəffaf, qanun çərçivəsində çalışırsa, bunun heç bir qorxusu yoxdur”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, qaydalar bu və digər neqativ halların önlənməsində vacib rol oynayacaq: “Cənab Prezidentin təsdiq etdiyi qanun media sahəsində mövcud olan çoxsaylı pozuntuların, boşluqları aradan qaldırılmasını nəzərdə tutur. Onlardan biri də reyestr məsələsidir. Bəziləri tərəfindən bu, birmənalı qarşılanmır. Ona görə ki, bunun əlavə bir adminstrativ basqı olacağını fikirləşirlər. Qətiyyən bu belə deyil. Çox adam bunu bilmədiyi üçün belə düşünür. Məsələn, 90-cı illərdə oxşar yolu QHT-lər keçib. O vaxt QHT-lər qeydiyyatsız fəaliyyət göstərə bilirdilərsə, sonra bunun qarşısı alındı. Yəni bütün bunlar qanunvericiliyə uyğun olaraq tənzimləndi. Bütün sənədlər Ədliyyə Nazirliyinin reyesrində qeydiyyatdan keçdi. Eyni proseslər indi də mediaya aid olunur. Medianın subyekti, onun rəhbəri kimdir, ünvanı haradır? Bütün bunlarla bağlı ümumi məlimatlar Media Reyestrində öz əksini tapacaq. Bu ona görə lazımdır ki, hər hansı media subyektinin yeri olsun. Ona zəng etmək, onu tapmaq mümkün olsun. Onunla bağlı məlumatlar üzdə olsun ki, subyektin mediaya aid olmayan hərəkətləri ilə bağlı məsələ müzakirə olunsun. Hesab edirəm ki, burada qorxulu bir şey yoxdur. Əgər doğrudan da mətbuat subyekti şəffaf, qanun çərçivəsində çalışırsa, bunun heç bir qorxusu yoxdur. Bunun üstünlüyü o olacaq ki, reyestrdən keçən media subyektləri artıq dövlətdən maliyyə ala bilərlər. Bundan başqa, jurnalistlər bunun sayəsində güzəştli ipoteka kreditləri götürə biləcəklər. Bu kimi məsələlərin hamısı öz həllini tapacaq. Ən başlıcası, bu, media sahəsində səliqəsizliyi aradan qaldıracaq. Kim istədi media vasitəsi yaradıb ondan çirkin məqsədlər üçün istifadə edə bilməyəcək”.
Bir sözlə, media eksperti hesab edir ki, bütün görülən işlər ümumi işin xeyrinə olacaq.
Vidadi ORDAHALLI