Ermənistan məktəblərində Azərbaycan və türk dillərinin tədrisi və öyrənilməsi prosesinə başlanıldığı barədə rəsmi açıqlanmanın verilməsi bu ölkədə birmənalı qarşılanmayıb. Bu məsələ ən çox da Azərbaycana qarşı tarixi saxtalaşdırma aparan şəxsləri narahat edir.
Buna ən sərt reaksiya verənlərdən biri İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri, iranşünas Vardan Voskanyandır. “Düşmən dilini bilmək lazımdır kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir”. Bunu Voskanyan özünün Teleqram kanalında yazıb.
“Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir. Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına çalışan strukturlar, qruplar və ya ayrı-ayrı şəxslər: tədqiqat, ordu və təhlükəsizlik orqanları və s. üçün zəruridir. Lakin geniş təlim vasitəsilə düşmənin dilini ictimailəşdirmək çətinliklər və təhlükələrlə doludur.
Bütün ciddi dövlətlər öz dövlət dilinin başqa ölkələrdə populyarlaşdırılmasını ən azı mədəni, çox vaxt da təbliğat və hətta siyasi təsirlərinin yayılması, başqa sözlə, öz gücünü göstərmək üçün mühüm alət hesab edirlər. Müvafiq olaraq, çox sadə dillə desək, düşmənin dilini bilmək həmin düşmənə qarşı sistemli şəkildə işləyənlər üçün vacibdir. Amma düşmən təbliğatına və ya digər təsirlərə məruz qalan geniş hədəf qrupları üçün qəti şəkildə əks göstərişdir”, – deyə Voskanyan yazıb.
Qeyd edək ki, Ermənistanın əksər məktəblərində bu tədris ilindən türk və Azərbaycan dili tədris olunmağa başlayıb. Ermənistanın təhsil naziri bu dilləri öyrənmək istəyənlərin sayının çox olması barədə açıqlama da verib.
Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir. Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına çalışan strukturlar, qruplar və ya ayrı-ayrı şəxslər: tədqiqat, ordu və təhlükəsizlik orqanları və s. üçün zəruridir. Lakin geniş təlim vasitəsilə düşmənin dilini ictimailəşdirmək çətinliklər və təhlükələrlə doludur.
Qeyd edək ki, Ermənistanın əksər məktəblərində bu tədris ilindən türk və Azərbaycan dili tədris olunmağa başlayıb. Ermənistanın elm və təhsil naziri bu dilləri öyrənmək istəyənlərin sayının çox olması barədə açıqlama da verib.
Azərbaycan və türk dillərinin tədrisi İranşünasın kürkünə niyə birə salıb? Voskanyan niyə narahatdır?
“Erməni daşnakları, millətçiləri bundan möhkəm əndişələnirlər”
Mövzuya şərh verən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanın müavini, siyasi şərhçi Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Azərbaycan və türk dillərinin Ermənistanda orta məktəblərin yuxarı sinif şagirdlərinə tədris olunması ilə bağlı Ermənistan rəhbərliyinin verdiyi qərar şübhəsiz, birmənalı qarşılana bilməz: “Bu məsələ ilə bağlı Ermənistanın milliyyətçi dairələrinin narahat olacağı gözlənilən idi. Onların əndişəsi, qorxusu təbiidir. Əslində, Ermənistan əhalisinin xeyli bir qismi müxtəlif səbəblərdən Azərbaycan və türk dillərini bilir. Amma bunun rəsmi şəkil alması onu göstərir ki, Ermənistanın bu günü və gələcəyi məhz Azərbaycan və Türkiyə ilə bağlıdır. Bu ölkənin sabahı Azərbaycan və Türkiyə ilə qurduğu münasibətdən asılı olacaq. Üstəlik də, Gürücüstandakı və Güney Azərbaycandakı türkləri də nəzərə alsaq bunların hamısı başa düşüləndir. Vardan Voskanyanın və onun kimilərinin narahatçılıqlarını başa düşmək çətin deyil. Əslində Voskanyan və onun kimi düşünənlər Azərbaycanın və Türkiyənin Ermənistanda nüfuzunun artacağından qorxurlar”.
Azərbaycan tərəfin bundan maksimum istifadə etməli olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, Ermənistan ictimaiyyətinin daha da bilgiləndirilməsi, onların şovinist, qatı millətçi mövqelərindən geri dönməsi üçün təbliğat aparılmalıdır. “Yeni nəsilin bu dilləri öyrənməsi, bu dillərdə informasiya alması onların şovinzimdən, irqçilikdən, faşizmdən, revanşizimdən geri çəkilməsinə səbəb olacaq. Bu da indidəndən erməni millətçilərini narahat edir. Çünki az qala yüz ilə yaxındır ki, onlar faşizm toxumları əkiblər və gəncləri bununla zəhərləyirlər. Gənclərin Azərbaycan və türk dillərini bilməsi, bizim cəmiyyətlərə inteqrasiya olunması, xüsusən də bizlərin təsir dairəsinə düşməsi erməni millətçilərinə böyük zərbə olacaq. Erməni daşnakları, millətçiləri bundan möhkəm əndişlənirlər. Voskanyan deyir ki, bu dilləri ictimaiyyət yox, müəyyən dairələr bilməlidir”.
F.Ələkbərlinin sözlərinə görə, bizim dillərimiz istər-istəməz onları öz təsiri altına salacaq. Mütəxəssis hesab edir ki, ermənilər tarixən türk dilinin təsir altında olub: “Voskanyan türk dilinin təsirinin artacağından qorxur. Onların bu dilləri öyrənməkdən başqa çıxış yolları yoxdur. Artıq Rusiyanın mövqeyinin zəifləməsi, Qərb dövlətlərindən olan təzyiqlər və sair istər-istəməz onların yenidən Azərbaycan və Türkiyənin təsir dairəsinə düşməsinə imkanlar açır. Onlar gələcəklərini yalnız bu cür görə bilərlər...Voskanyanın, başqalarının hay-küy salmasına baxmayaraq proses onların ziyanına işləyir. Ermənistanda yeni nəsilin ancaq Azərbaycan və Türkiyənin təsir dairəsində bəlkə də hansısa gələcəyi ola bilər. Təbii ki, özlərini başqalarının maşası kimi aparmasalar yaxşı nə isə gözlənilər. Amma bu da mümkün deyil. Çünki onlar vəziyyətdən asılı olaraq tez-tez təsir dairəsinə düşürlər”.
İradə SARIYEVA