Məlum olduğu kimi, cari ilin iyun ayında İspaniyanın paytaxtı Madriddə baş tutan NATO sammitində Rusiya alyans üzvlərinin sülh və təhlükəsizliyinə ən ciddi və birbaşa təhlükə elan edilib. Sammitin yekunlarına dair yayılan bəyanatda Moskvanın strateji tərəfdaşdan təhlükəyə çevrildiyi vurğulanır.
NATO liderləri bu fonda Rusiyanın hücumuna qarşı mübarizə aparan Ukraynaya siyasi və praktiki dəstəyi artırmağa söz veriblər. Onlar, həmçinin, rəsmi olaraq Finlandiya və İsveçi alyansa üzv olmağa dəvət ediblər: “Biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək qərarına gəldik və qoşulmaq haqda protokolları imzalamağa razılaşdıq. Sammit beynəlxalq düzənin möhkəmləndirilməsi üçün müttəfiq və tərəfdaşlarla birgə səyləri inkişaf etdirməyə imkan verir. Alyas üzvləri NATO-nun 5-ci maddəsinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. Bu maddəyə əsasən, birinə hücum hamıya hücum deməkdir”. Bundan başqa, NATO-nun yeni Strateji Konsepsiyasında qurumun çəkindirmə və müdafiə, böhranların qarşısının alınması və idarə olunması, birgə təhlükəsizlik kimi əsas vəzifələri əksini tapıb. Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində Avropada yaranmış daha təhlükəli vəziyyətə cavab olaraq NATO öz müdafiə planlarını fəallaşdırıb və indi NATO-nun bilavasitə komandanlığı altında 40 000-dən çox hərbçi var. Müttəfiqlər, həmçinin, NATO-nun şərq cinahında hərbi qrupları iki dəfə artıraraq, Baltik dənizlərindən Qara dənizə qədər güclü müdafiəni təmin ediblər. Sammitdə liderlər quru, hava, dəniz, kiberməkan və Kosmosu əhatə edən yeni müdafiə konsepsiyasını, həmçinin alyansın şərq cinahında döyüş qabiliyyətinin gücləndirilməsini təsdiqləyiblər. ABŞ bu fonda Avropaya 20 000-dən çox əlavə qüvvə çıxararaq öz hərbçilərinin ümumi sayını 100 000-ə çatdırıb. Eyni zamanda ABŞ tərəfindən Polşada beşinci korpusun daimi qabaqcıl komanda qərargahı, Rumıniyada yeni briqada yaradılıb. Baltik regionunda zirehli qüvvələrin, aviasiya, hava hücumundan müdafiə və xüsusi təyinatlı qüvvələrin geniş şəkildə yerləşdirilməsi, İspaniyada yerləşən Amerika hərbi gəmilərinin sayının artırılması, Böyük Britaniyada F-35 təyyarələrinin iki eskadrilyası, Almaniya və İtaliyada əlavə hava hücumundan müdafiə vasitələri də yerləşdirilib. Bütün bunlar o deməkdir ki, NATO Rusiyaya qarşı böyük hərbi qüvvə toplayır. Baş verənlərə Kremlin cavabı da özünü çox gözlətməyib. Belə ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni dəniz doktrinasını təsdiqləyib. Doktina ABŞ və NATO-nu başlıca təhlükə mənbəyi kimi təsbit edir. Putin Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır: “Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır”.
Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir. Doktrina Rusiyanın, ilk növbədə Arktika, Qara, Oxot və Berinq dənizlərində milli maraqların sərhəd və zonalarını müəyyən edir. Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi nəzərdə tutulur. Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır. Sənədə əsasən, Rusiya Qırmızı dəniz və Hind okeanında Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün logistik dəstək məntəqələri yaratmağa hazırlaşır. Rusiya Hərbi Dəniz Qüvvələrinin bu bölgələrdəki dəstək məntəqələrinin Fars körfəzində ölkənin hərbi dəniz varlığını qorumaq və saxlamaq üçün zəruri olduğu bildirilir. Həmçinin, region dövlətlərinin infrastrukturundan “Rusiya Federasiyasının dəniz fəaliyyətinin maraqları naminə” istifadə edilməsi nəzərdə tutulur. Putin Kronştadtda ölkənin Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən paradda çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə Silahlı Qüvvələrə “Zirkon” hipersəs raket sistemlərinin çatdırılmasına da başlanılacaq. O qeyd edib ki, ilk belə raketlər “Admiral Qorşkov” gəmisində quraşdırılacaq. Putin, həmçinin “Admiral Qorşkov” gəmisinin fəaliyyət göstərəcəyi ərazinin Rusiyanın təhlükəsizlik maraqları əsasında seçiləcəyini qeyd edib. Bütün bunlar Rusiya-NATO qarşıdurmasının yeni əsas məkanlarının dənizlər və okeanlar olacağıı göstərir. Bundanbaşqa, Afrika da çəkişmə məkanıdır. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa prezidenti Emmanuel Makron ötən həftə müxtəlif Afrika ölkələrinə səfər ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Somali və Keniyada görüşlər keçirib. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild də Qana və Uqandaya səfər edib. Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun araşdırmaçısı, Afrika məsələləri üzrə ekspert Tunç Demirtaş bunları təsadüf hesab etmir: “Rusiya və Fransa Ukraynadakı savaşda mövqelərini gücləndirmək üçün Afrika ilə münasibətlərinə xüsusi önəm verirlər. Həmçinin soyuq müharibə dövründən sonra Afrikada nüfuz uğrunda ən böyük rəqabətin bu gün yaşandığını da deyə bilərik. Belə ki, ABŞ və Avropa Rusiyanı taxıl məsələsində dünyanı şantaj etməkdə, Rusiya isə Qərbi sanksiyaları ilə əlaqədar ləyaqətsiz mövqe tutması səbəbindən günahlandıraraq dəstək qazanmağa çalışır. Afrikada nüfuz axtarışında olan tərəflərin qitəyə durmadan səfərlərinin arxasında da bu faktor dayanır. Yeni “soyuq savaş” kimi ifadə edilə biləcək bu vəziyyət önümüzdəki aylarda təsirini daha da artıracaq. Qlobal sistemin mühüm bazarlarından olan Afrika son yarım əsrdə beynəlxalq sistemdəki yerini və əhəmiyyətini daha da möhkəmləndirib. Qitədə mövcud olan 54 ölkə ilə BMT-də önəmli bir potensiala sahib olan Afrika təşkilatın yaşanan problemlərə qarşı alınan qərarlarında təxminən 30 faizlik bir təsirə malikdir”.
Nahid SALAYEV