“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları Ermənistanda ciddi təşviş yaradıb. Azərbaycan bir daha ən yüksək səviyyədə bəyan edib ki, Zəngəzur dəhlizi açılmalıdır.
Hazırda ölkəmiz bu prosesin sülh şəraitində həyata keçməsini istəyir. Elə çıxışında dövlət başçısı da diqqəti ona yönəltdi ki, Vətən müharibəsindən sonra keçən müddət ərzində Azərbaycan Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması üçün zəruri addımlar atır. Bununla yanaşı, Prezident qeyd etdi ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva bəyanatının bütün müddəalarına və xüsusilə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir. Onun sözlərinə əsasən, necə ola bilər ki, Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etsin, Ermənistan isə Zəngəzur dəhlizinin açılmasını, yəni Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bloklasın? Əlbəttə ki, bu yolverilməzdir və Azərbaycan bu vəziyyətin uzun müddət davam etməsinə dözə bilməz. Ermənilər bilməlidirlər ki, vaxt uzatmaq məqsədilə məsələlərin həllini gecikdirmək taktikası heç də yaxşı sonluqla nəticələnmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və birmənalıdır. Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün əsas baza elementlərindən biridir. Elə Prezident İlham Əliyev də məxsusi olaraq bu məsələni vurğulamaqla alternativ variantın olmadığını bir daha qeyd etdi: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var". Bu fonda, ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılmaması müzakirə mövzusu ola bilməz, çünki bu məsələ üçtərəfli bəyanatda öz əksini birmənalı şəkildə tapıb. Erməni politoloq Qarik Keryan bildirir ki, Azərbaycan xəbərdarlığını edib: “Azərbaycan Ermənistanın Laçın vasitəsilə Qarabağa doğru sahib olduğu kimi eyni statuslu yol istəyir”. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə öz iddialarını əsaslandırır: “ Bakı beynəlxalq aləmdə öz iddialarını Qarabağa de-yure Azərbaycanın ərazisi kimi baxaraq belə təqdim edir: öz ərazimizdə Ermənistana nə cür yol vermişiksə, Zəngəzur üzərindən Naxçıvana doğru da eyni formalı yol istəyirik”. Erməni politoloq vurğulayıb ki, İrəvan Zəngəzur dəhlizi ilə bağlı ehtiyatlı mövqe sərgiləməlidir, əks halda Laçın dəhlizi ilə bağlı fəsadlar yarana bilər.
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da qeyd edib ki, Azərbaycan ordusu Qarabağda əməliyyatını tam başa vurduqdan sonra Zəngəzur əməliyyatına başlamaq niyyətindədir: “Cəmiyyətin bir parçası olan cahil ordusu hələ də “torpaqları verək, rahat yaşayaq” və ya “torpaqları əvvəlkilər verdi” kimi ifadələr işlətməyə davam edir. Azərbaycan bu gedişlə Zəngəzur dəhlizinə sahib olacaq”. Ermənistanın “Qraparak” nəşri də yazır ki, Bakı İrəvanın Zəngəzur dəhlizinin açılışına mane olmasından şikayətlənməyə davam edir: “Bu fonda son bir ayda Azərbaycan ordusu Nerkin Hand yaşayış məntəqəsi yaxınlığında xeyli irəliləyib. Hazırda minimum plan olan Türkiyə-Azərbaycan quru dəhlizinin Zəngəzurdan açılması Bakı və Ankaranın strateji vəzifəsidir və onlar nəyin bahasına olursa-olsun, buna nail olmağa çalışacaqlar. Lakin faktiki olaraq, Ermənistan ərazisindən keçəcək bu yol blokadanı açmayacaq, əksinə, iqtisadi təcridimizi dərinləşdirəcək. Hər hansı bir ölkə ilə vasitəçisiz ticarətə başlamazdan əvvəl ilk növbədə onunla diplomatik əlaqələr qurmaq lazımdır və əgər o ölkə sizə qarşı faktiki düşmənçilik siyasəti aparırsa, sülh mühiti yaratmaq, sonra bunu müqavilə ilə təsbit etmək lazımdır. Bu gün Ermənistan nəinki öz suveren ərazisinə nəzarət etmir, hətta Azərbaycanla sərhədlərimizin haradan başlayıb, harada bitdiyini deyə bilmir”. Rusiyalı ekspert Qriqori Trofimçuk da vurğulayır ki, Zəngəzur dəhlizi açılmalıdır və bu, Moskva üçün də böyük əhəmiyyət kəsb edir: “Türkiyə bu yaydan etibarən, demək olar ki, Rusiyanın xarici dünyaya yeganə çıxış nöqtəsinə çevrilməsindən maksimum yararlanır. Ermənistan ərazisindən keçən yollarla bağlı konkret məsələyə gəlincə, Qarabağ ətrafında Bakı və Ankara üçün sərfəli dəhlizlər açılmadan Ermənistan heç bir nəqliyyat problemindən qurtula bilməyəcək. İndi bunlar bir-biri ilə sıx bağlıdır və Türkiyə, prinsipcə, Ermənistana qarşı belə bir xeyriyyəçiliklə məşğul deyil. Çox keçməmiş, Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra Türkiyə Ermənistana açıq şəkildə başa saldı ki, dəhlizlər və ilk növbədə Zəngəzur boyunca keçid məntəqəsi gözləyir”.
Samirə SƏFƏROVA