Bu ilin mart ayında Azərbaycan ordusu Xocalı inzibati rayonunun Fərrux kəndi və onun ətrafındakı yüksəklikləri nəzarətə götürərkən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilər Ermənistana getmək istəsələr də, sülhməramlılar buna mane olublar.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Xaçaturyan qeyd edib ki, Rusiya tərəfi sülhməramlı missiyanın həyata keçirilməsində səhvlərini etiraf edib və sonda bu səhvlər Fərruxdakı insidentlə nəticələnib: “Vəziyyət o qədər gərgin idi ki, hətta Qarabağdakı insanlar Ermənistan hökuməti qarşısında ultimatum qoyublar: Rusiya sülhməramlıları təhlükəsizliyimizi təmin etməsələr, Ermənistana qayıdacağıq. Buna cavab olaraq Rusiya tərəfi ermənilərin təhlükəsizliyini təmin etmək öhdəliyini bir daha təsdiqlədi və onların yaşayış yerlərini tərk etməsinə qarşı çıxdı. O gərgin günlərdə mən də müzakirələrdə iştirak etdiyim üçün çox yaxşı xatırlayıram ki, bizim mövqeyimiz çox sərt idi. Nəticədə Rusiya tərəfi öhdəliklərini yerinə yetirmədiyini etiraf etdi və hazırda səbəbləri təhlil etmək üçün daxili araşdırma aparır. Biz o zaman bu haqda ictimaiyyətə heç nə demədik. Müzakirə daxili razılaşmalar çərçivəsində davam etdi və sülhməramlılar həqiqətən səhv etdiklərini dedilər”.
Maraqlıdır, Rusiya Qarabağ ermənilərinə görə niyə bu qədər narahatdır?
“Bu yolverilməzdir və eyni zamanda Azərbaycanla Rusiya arasında bu ilin 22 fevralında imzalanmış...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın Qarabağdakı erməni icmasının bir sıra sosial problemlərini diqqətdə saxlaması, eyni zamanda buradakı ermənilərin enerji təhlükəsizliyi ilə bağlı məsələləri həll etməsi dövlətimizin bu ərazilər üzərində de-fakto suverenliyinin bərqərar edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Əvvəla, Azərbaycan iqtidarı bununla Qarabağ ermənilərinin vətəndaş hüquqlarının qorunması və dövlətin milliyətindən asılı olmayaraq bütün vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Bununla da istər Ermənistana, istərsə də onun siyasətinə havadarlıq edən bəlli dairələrə Qarabağ ermənilərinin hüquqlarının qorunması adi ilə müdaxilə etməyə heç bir zərurət və ya ehtiyacın olmamasını, bunun yolverilməzliyini bəyan edir. Digər tərəfdən, Prezident İlham Əliyevin təbirincə desək, Qarabağ problemi Azərbaycan üçün bitib. Biz bu və ya digər ad altında Ermənistan millətçilərinin bizim daxili işlərimizə müdaxiləsinə yol vermək fikrində deyilik. Bizim üçün prioritet təşkil edən Ermənistanla münasibətlərdə olan problemlərin həlli, Moskva razılaşmasının şərtlərinin İrəvan tərəfindən yerinə yetirilməsi, yekun sulh müqaviləsinin imzalanmasıdır. O cümlədən, sərhədlərin delimitasiyası və nəhayət nəqliyyat dəhlizlərinin açılmasıdır. İndi hər şey Ermənistan iqtidarının siyasi iradə və qətiyyət nümayiş etdirməsindən, onun siyasi müdrikliyindən asılıdır. Rusiya sülhməramlılarına gəlincə, onlar tərəfləri Moskva razılaşmasının imzalanmasına qədər mövcud ərazilərə qayıtmağa dəvətdə haqlıdırlar. Ancaq Qarabağ ermənilərinin sosial problemlərinin həlli, bölgənin infrastrukturu ilə bağlı məsələlərə dəstəkdə sülhməramlılar üçün nəzərdə tutulan hüququn çərçivəsindən kənara çıxırlar. Bununla, dolayısı yolla olsa da, Azərbaycanın bu bölgə ilə bağlı yurisdiksiyasına müdaxilə etmiş olurlar. Bu isə yolverilməzdir və eyni zamanda Azərbaycanla Rusiya arasında bu ilin 22 fevralında imzalanmış müttəfiqlik əlaqələri haqqında müqavilənin tələb və ruhuna ziddir. Zira həmin müqavilə ilə tərəflər terrorizmə və seperatizmə qarşı mübarizədə əməkdaşlıqla bağlı öhdəliklər götürub. Rusiyanın bu məsələdə ikitərəfli mövqeyi isə MDB məkanı uğrunda onunla Qərb arasında getdikcə güclənməkdə olan geosiyasi qarşıdurmanın reallıqlarından irəli gəlir”.
Bu səbəbdən politoloq hesab edir ki, belə hallar təkrarlana bilər.
Vidadi ORDAHALLI