Ermənistan rəsmilərinin təxribatçı açıqlamaları səngimək bilmir. Qarabağ və kommunikasiya xəttlərinin açılması ilə bağlı ziddiyətli açıqlamalar verməkdədirlər.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib ki, Azərbaycan deyir Dağlıq Qarabağ problemi yoxdur, “Dağlıq Qarabağ” ifadəsini işlətmək istəmir və biz, əksinə, bütün görüşlərdə, danışıqlarda həmişə bu problemin mövcud olduğunu vurğulayırıq və istənilən görüşdə bu, təkrarlanmalıdır. Onun sözlərinə görə, ilkin olaraq Qarabağ problemi ilə məşğul olan üç həmsədr ölkə, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ (qondarma rejim nəzərdə tutulur) nümayəndələrinin görüşdüyü yeganə platforma olan Minsk Qrupu məsələnin müzakirəsini davam etdirməlidir: “Ən əsası odur ki, Minsk Qrupu Qarabağ məsələsinin həll olunmadığına inanır. Bu həm də nə vaxtsa Rusiya, ABŞ və Fransanın oturacağı unikal platforma ola bilər. Bu baxımdan bizim nöqteyi-nəzərimiz aydındır: birincisi, Qarabağ məsələsinin həll olunması bizim üçün qəbuledilməzdir, ikincisi, Azərbaycanın bu məsələni həll edərkən daim Laçın arasında paralellər aparmağa çalışması bizim üçün qəbuledilməzdir. Zəngəzur dəhlizi və Laçın dəhlizi ideyasına gəlincə, burada status başqadır. 10 noyabr bəyanatında Laçın dəhlizinin nə üçün nəzərdə tutulduğu açıq-aydın göstərilir. Bu, Qarabağda yaşayan soydaşlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün yeganə qanuni, effektiv variantdır”.
Göründüyü kimi, Ermənistan prezidenti müharibədən sonra yaranan reallıqları inkar edir. Prezident seçiləndən sonra ilk dövrlərdə Vaaqn Xaçaturyan müəyyən müsbət mesajlar verirdi. Ancaq indi o ATƏT-in Minsk Qrupundan, “Dağlıq Qarabağ” ifadəsindən danışır, görüşlərə “Arsax” nümayəndələrinin dəvət edilməsindən dəm vurur. Hansı ki, bunların heç birini qəbul etmək olmaz.
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bu, o deməkdir ki, Ermənistan ortadakı kompromis variantlardan rəsmən imtina edir: “Biz nəzərə almalıyıq ki, bu fikirləri müxalif “Hayastan” blokunun hasısa deputatı yox, Ermənistanın prezidenti deyir. Bu da Ermənistanın üzərinə götürdüyü öhtəliklərdən rəsmən imtina etməsi anlamına gəlir. Düzdür, olkə konstitusiyasına görə prezidentin səlahiyyətləri məhduddur. Əsas səlahiyyət baş nazirə məxsusdur. Bunu əvvəlki prezident Armen Sarkisyan desəydi, o zaman bu, prezidentlə baş nazir arasında olan fikir ayrılığı kimi təqdim olunardı. Zatən Armenlə Nikol arasında tez-tez fikir ayrılıqları yaşanırdı. Elə bir vəziyyət yarandı ki, bu ilin əvvəlində A.Sarkisyan istefa verməli oldu. Ancaq biz nəzərə almalıyıq ki, prezident V.Xaçaturyan Paşinyana yaxın olan bir şəxsdir. Məlum mövqeyin ortaya qoyulması o deməkdir ki, erməni tərəfi Zəngəzur dəhlizinin açılmasına razı olmayacaq. Bu o deməkdir ki, qarşı tərəf “Dağlıq Qarabağ” münaqişəsinin həll olunmadığını israr edir və Minsk Qrupundan imtina etmək fikrində deyil. O üzdən, Azərbaycan daha sərt tədbirlər barəsində düşünməlidir. Ermənistana yönəlik hərbi-siyasi təzyiqləri artırmalıyıq. Eyni zamanda indidən beynəlxalq ictimayətə bəyan etməliyik ki, bundan sonra baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür”.
Bu baxımdan partiya sədri hesab edir ki, Azərbaycan Ermənistana qarşı daha sərt addımların atılması barəsində düşünməlidir.
Vidadi ORDAHALLI