Prezident İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib ki, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq:
"Təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası "Dağlıq Qarabağ"ın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası "status"la bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq".
Göründüyü kimi, mötəbər bir şəxs olaraq Prezident qeyd edir ki, Paşinyanla status söhbətinin qaldırılmaması ilə bağlı şifahi razılaşma olub. Təbiidir ki, belə şifahi raIlaşmanın iştirakçısı yalnız Əliyev və Paşinyan olmayıb. Deməli, Paşinyan belə bir vədi beynəlxalq vasitəçilərin də qarşısında vermiş olub və üzərinə məlum öhdəliyi götürüb. Ancaq buna baxmayaraq, Paşinyan status söhbətini dəfələrlə qaldırıb. Belə olan təqdirdə, niyə həmin beynəlxalq vasitəçilər Paşinyanı razılaşmanı pozduğuna görə tənqid etmirlər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüssel görüşündən sonra erməni rəsmiləri Qarabağa status mövzusunu yenidən aktuallaşdırmağa cəhdlər edirlər: “İlham Əliyevin çıxışından belə anlaşıldı ki, Paşinyan bir daha status məsələsini gündəmə gətirməyəcəyilə bağlı şifahi öhdəlik də götürübmüş. Ancaq biz görürük ki, iki gün əvvəl Paşinyan status məsələsini bir fərqli formada parlamentdəki çıxışında yenidən gündəmə gətirdi. Bu dəfə o dedi ki, status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir. Onun sözlərinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir. Paşinyan deyir ki,
ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status onlar üçün real həll yolu hesab edilməlidir.
Paşinyan yenə ikibaşlı danışıb və bu dəfə “istənilən status” ifadəsini işlədib. Yada salaq ki, son Brüssel görüşündən sonra da erməni rəsmiləri Qarabağa status mövzusunu yenidən aktuallaşdırmağa cəhdlər edirlər. Paşinyan güya manevr edərək, bu məsələni bir qədər fərqli formatda qeyd edir. Güya Bakını qıcıqlandırmaq istəmir. Ancaq istənilən halda bu. Paşinyanın verdiyi şifahi razılığa əməl etməməsi anlamına gəlir. Nikol Paşinyan, şifahi razılaşmaya baxmayaraq, yenə də bir ovuc əhali üçün “status” məsələsini gündəmə gətirməyə və bunu müzakirə etməyə çalışır. Nikol Paşinyan Azərbaycan ərazisində de-yure 1991-ci, de-fakto 2020-ci ildən mövcud olmayan “Dağlıq Qarabağ”dan danışır. Bəli, razıyam ki, Paşinyan bu vədi həm də vasitəçilərin qarşısında verib. Məhz həmin vasitəçilər Ermənistanı sülh prosesinə zidd addımlar atdığına görə tənqid etməlidir. Tərəflərə məsuliyyəti eyniləşdirən məzmunlu bəyanatlarla müraciət etməməlidirlər. Paşinyan bu cür xaotik gedişləri ilə daxili auditoriya üçün manevr edir ki, hakimiyyətinin ömrünü uzada bilsin. Ancaq vasitəçilər bilməlidir ki, belə addımlar regionda sülhün yaranmasına mane olur və olacaq. Biz 44 günlük müharibədə sübut etdik ki, problemləri öz gücümüzə, vasitəçilər olmadan da həll edə bilərik. Bu məsələdə də Prezidentin statusla bağlı etdiyi son xəbərdarlıqdan həm Ermənistan, həm də vasitəçilər ciddi nəticə çıxarmalıdır”.
Məhəmmədəli QƏRİBLİ