Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib ki, Qarabağın statusu məqsəd deyil, ordakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir.
Onun sözlərinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir:
“Bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, Qarabağdakı ermənilərin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün başadüşülən münasibətdir. Amma çox mühüm bir məsələ də var. Ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”.
Hökumət başçısı əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tamhüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.
Paşinyanın məsələni bu şəkildə qoymasından hansı nəticələri çıxara bilərik?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məlum açıqlama ilk baxışdan Paşinyanın Azərbaycanın mövqeyinə yaxınlaşdığı təsirini bağışlaya bilər:
“Bəllidir ki, Ermənistandakı müxalifət və Qarabağda qalan separatçıların töküntüləri status məsələsini daim qabardır. Paşinyanın bu mövqeyi bir qədər status mövzusunu arxa plana keçirməyə hesablanıb. Çünki bilir ki, Azərbaycan o mövzunu ümumiyyətlə yaxına buraxmır. Ona görə də, Paşinyan fəlsəfi reveranslar edərək, hüquq və təhlükəsizlik məsələsini önə çıxarır. Azərbaycanın ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyini qorumaq öhdəliyini dövlət olaraq biz də üzərimizə götürürük. Bunun üçün ayrıca statusa ehtiyac yoxdur. Paşinyan statusdan əlini üzüb. Mövcud şəraitdə çalışır ki, müəyyən manevrlərlə erməni əhalinin Azərbaycanda yaşamasının mövcudluğunu qoruyub saxlasın. Hətta vətəndaş kimi yaşayacaqları halda, onların hüquqlarına təminat almaq istəyir. Burada hiyləgər bir gediş də var. Çalışacaqlar ki, bu prosesləri beynəlxalq təşkiatların əli ilə həyata keçirsinlər. Həmin qurumların əli ilə ermənilərə fərqli imtiyazlar qazandırmaq istəyirlər. Azərbaycan bununla razılaşmayacaq. Biz istənilən vətəndaşımızın hüquq və azadlığına təminat veririk. Bunu dövlətin vətəndaşı qarşısında öhdəliyi sayırıq. 1923-cü ildə onlara muxtariyyət hüququ verdik. Üstündən 65 il keçdi və ermənilər Azərbaycandan ayrılmağı tələb etdilər.Yenə də həmin ssenari üzrə getməyə çalışırlar ki, yerlərini bərkidib, sonra Azərbaycana qarşı təxribatlara əl atsınlar. Ancaq bunların heç biri keçməyəcək”.
Məhəmmədəli QƏRİBLİ