Dünya iqtisadiyyatında mövcud çətinliklərin miqyası sürətlə genişlənməyə davam edir. Elə bundan irəli gəlir ki, “Fitch Ratings” Agentliyi qlobal iqtisadi artımla bağlı proqnozunu endirib.
Qurum qeyd edir ki, qlobal inflyasiya təzyiqləri güclənməkdə davam edir və iqtisadi artıma daha çox mənfi təsir göstərməyə başlayıb. Çindəki son koronavirus məhdudiyyətləri qlobal istehsal tədarük zəncirinə təzyiqləri artırır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan enerji və ərzaq təchizatının kəsilməsi Avropa inflyasiyasına gözlənildiyindən daha sürətli təsir edir. İnflyasiya təzyiqləri xidmət sektorunda, xüsusən də sıx əmək bazarlarının nominal əmək haqqı artımını artırdığı ABŞ və Böyük Britaniyada da çoxalır. Agentlik bu və digər faktorları nəzərə alaraq dünya üzrə ÜDM-in 2022-ci il üçün artım proqnozunu 0,6 faiz bəndi azaldaraq 2,9%-ə endirib. Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan daha bir ciddi problem qaçqınların sayı ilə bağlıdır. BMT-nin qaçqınlar üzrə ali komissarı Filipo Qrandi bildirir ki, Ukrayna münaqişəsi nəticəsində yaranan ərzaq böhranına son qoyulmasa 100 milyonluq qaçqının sayı arta bilər: “Çox sayda insanın evlərini tərk etməməsi üçün ərzaq təhlükəsizliyi problemi həll edilməlidir. Əks halda çox sayda insan evlərini tərk edəcək”. Ali komissar qeyd edib ki, tarixdə ilk dəfə bu il qaçqın və köçkünlərin sayı 100 milyon nəfəri keçib. BMT-nin Qaçqınlar üzrə Agentliyi isə diqqəti ona yönəldir ki, evlərini tərk etməyə məcbur olmuş insanların sayı son on il ərzində hər il artıb və rekordların dayanmadan yenilənməsi indi ən yüksək səviyyədədir. Qurumun illik hesabatına əsasən, 2021-ci ilin sonunadək müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması nəticəsində didərgin düşənlərin sayı 89,3 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 8 faiz çox, 10 il əvvəlki rəqəmdən isə iki dəfə çoxdur. O vaxtdan bəri Rusiyanın Ukraynaya təcavüzü İkinci Dünya Müharibəsindən sonra ən sürətli və ən geniş qaçqın böhranlarından birinə səbəb olub. Bundan başqa, Afrikadan tutmuş Əfqanıstana və digər ölkələrə qədər baş vermiş digər fövqəladə hallar bu rəqəmi 100 milyonluq dramatik həddə çatdırıb: “Ya beynəlxalq ictimaiyyət bu insan faciəsini aradan qaldırmaq, münaqişələri həll etmək və uzunmüddətli həll yollarını tapmaq üçün tədbirlər görməkdən ötrü bir araya gələcək, ya da bu dəhşətli tendensiya davam edəcək”. Ötən il və bu il şiddətlənən münaqişələrin sayı ilə əlamətdar olub. Dünya Bankının məlumatına görə, ümumi əhalisi 850 milyon olan 23 ölkə şiddətlilik dərəcəsi orta və ya yüksək olan münaqişələrlə üzləşib. Bu arada ərzaq qıtlığı, inflyasiya və iqlim böhranı insanların çətinliklərini daha da artırır, humanitar reaksiyaları çətinləşdirir, eyni zamanda bir çox hallarda maliyyələşdirmə perspektivləri qənaətbəxş olmur. Bu halda qaçqınların sayı artır. Qaçqınların çoxunu yenə də resursları az olan qonşu ölkələr qəbul edib.
BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirir ki, qaçqınların say artımının səbəbi bəzi yerlərdə, məsələn, Myanmada artan zorakılıq və ya münaqişələr olub. Efiopiyanın Tıqray və digər bölgələrindəki münaqişələr milyonlarla insanın ölkə daxilində yerdəyişməsinə səbəb olub. Saheldəki üsyanlar, xüsusən Burkina-Faso və Çadda yeni ölkədaxili yerdəyişmələrə səbəb olub. Ukraynanı isə hərbi əməliyyatlar başlayandan 6 milyona yaxın insa tərk edib. Ümumiyyətlə, 2022-ci ildə Ukrayna münaqişəsi nəticəsində 8 milyon nəfər köçkün, 6 milyon nəfər qaçqına çevrilib. Belə bir vaxtda Rusiya-Ukrayna müharibəsi nəticəsində ərzaq böhranının dərinləşməsi dünyada qaçqınların sayının daha da artmasına gətirib çıxaracaq. Çünki bu müharibə ərzaq, xüsusən də taxılla təminat problemini daha da dərinləşdirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) isə bildirir ki, gələn il də dünyada buğda tədarükü bir az daha daralacaq. Qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmakın sözlərinə görə, dünyada taxıl tədarükü Rusiya Ukrayna müharibəsinə görə təsirə məruz qalıb: "Bu ölkələr dünyada ən böyük taxıl istehsalçılarıdır. Ukaynada fermerlər müharibəyə görə tarlalarına, ərazilərinə gedə blmirlər, bəzi yollar dağıdılıb, 8 milyon insan ölkə daxilində qaçqın vəziyyətinə düşüb. 6 milyon insan isə ölkəsini tərk edib. Bu səbəbdən dünyada builki taxıl yığımı, həm də payızda dünyada buğda əkini təsirə məruz qalacaq. Ola bilsin ki, dünyada daha əvvəl əkilən torpaqların 20-30 %-i bu il əkilə bilməsin". FAO diqqəti ona yönəldir ki, qlobal miqyasda ərzaq məhsullarının idxalı ilə bağlı xərclərin cari ildə yeni rekord göstəriciyə - 1,8 trilyon dollara çatacağı gözlənilir. Bu artımın əsas hissəsini yüksək qiymətlər və nəqliyyat xərcləri təşkil edəcək. FAO-ya görə, qida və kənd təsərrüfatı məhsullarının artan qiymətləri ərzaq təhlükəsizliyi baxımından narahatlıq doğurur. Bir çox ölkə daha yüksək ödəniş edərək daha az ərzaq alacaq. ABŞ Dövlət Departamenti isə xatırladır ki, 2021-ci ildə 193 milyon insan ərzaq qıtlığı ilə üzləşib. Bu ilin sonunadək onların sayının daha 40 milyon nəfər artacağı proqnozlaşdırılır. Belə vəziyyət qaçqən axınına yeni təkan verəcək.
Nahid SALAYEV