Get-gedə Avropa liderləri Rusiyaya münasibətdə yumşaq mövqe tuturlar. Sanki Ukrayna məsələsində bezikmiş kimi görünürlər. Ukraynada müharibənin uzanması, Rusiyadan qaz asılılığı Avropa rəsmilərini daha çox narahat edir. Bu səbəbdən Ukraynanın Rusiyaya müəyyən güzəştlərə getməsində maraqlı görünürlər.
Məsələ ondadır ki, Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel Makronun Rusiya ilə bağlı mövqeyini dəstəkləyib. Borreldən Fransa prezidenti Emmaniel Makronun “Biz Rusiyanı alçaltmamalıyıq” sözlərinə mövqeyi soruşulub. O vurğulayıb ki, bunu təkcə Makron demir: “Bu ifadə gerçəkliyi əks etdirir. Rusiya sülh danışıqlarından sonra öz mövcudluğunu davam etdirəcək, biz dəqiq müəyyən etməliyik ki, onunla bir yerdə yanaşı yaşamaq niyyətindəyik. Bu yanaşı yaşama Rusiyanın Ukraynada törətdiklərindən sonra çox çətin olacaq. Bu müdaxilədir, bu təcavüzdür, bu, Ukraynanın məhv edilməsidir, biz bunu hər gün televizorda görmüşük, mən özüm yerindəcə görmüşəm. Lakin onsuz da biz bu qitədə rusiyalılarla yanaşı yaşamalı olacağıq. Rusiya ilə rabitə kanalları heç vaxt bağlanmayıb. Biz Rusiya ilə danışıqları davam etdirməliyik”.
Belə görünür ki, Avropa İttifaqı rəsmiləri Ukraynanı Rusiyaya güzəştə sövq etməkdə maraqlıdılar.
“Rusiya müxtəlif vasitələrdən istifadə edir ki, Ukrayna məsələsində Avropa İttifaqı vahid mövqedən çıxış edə bilməsin”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Avropa İttifaqının aparıcı dövlətləri əvvəldən Ukrayna məsələsində tərəddüdlü mövqedən çıxış edirlər: “Borrelin yumşaq mövqe sərgiləməsi də bir növ bundan qaynaqlanır. Çünki prosesə Avropanın qoşulması asan başa gəlmədi. Müharibənin əvvəlində ABŞ və Böyük Britaniyanın xüsusi fəallığı fonunda Aİ bu prosesə qatıldı. NATO-nun fəallığından sonra isə Almaniya ilə Fransa sanki zorən prosesə qatıldılar. Çünki adıçəkilən dövlətlər əvvəldən Rusiyaya münasibətdə daha qətiyyətli mövqe tutmaqda həvəsli görünmürdülər. Hiss olunur ki, bu dövlətlər öz iqtisadi maraqlarından çıxış edərək Rusiya ilə müəyyən qədər hesablaşmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, Rusiyanın partniyorları sırasında Almaniya və Fransanın adı hər zaman hallanır. Aparıcı Avropa dövlətləri Rusiyaya sərfəli qaz mənbəyi, satış bazarı kimi yanaşırlar. Bu ölkələr həm də Avrosentrist maraqlardan çıxış edərək ABŞ-ın Avropada hegemonluğunu istəmir. Ona görə də geosiyasi konteksdə Rusiyanın zəifləməsini istəmirlər. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda dünyada neft və qazın qiyməti sürətlə bahalaşır. Bu, həm də sənaye məhsullarının bahalaşmasına öz təsirini göstərir. Bu da Avropanın ümumi rifahına mane olur. İstisna deyil ki, bu, Almaniya, Fransa və digər bəzi Avropa ölkələrində olan hakimiyyətlərin də kommersiya maraqlarına toxunur. Ona görə də bu dövlətlər maraqlıdılar ki, Ukrayna hansısa forma güzəştə getsin. Təki müharibə tez qurtarsın. İctimai təzyiqlər olmasaydı Aİ rəsmiləri bəlkədə Ukraynaya açıq təzyiq göstərərdilər. Fransa və Almaniya liderləri ictimai rəydən çəkindikləri üçün bunu edə bilmirlər. Avropa cəmiyyəti Rusiyanın qəsbkarlığını qəbul etmir. Daim öz hökumətlərinə təzyiq edirlər ki, Rusiyaya müqavimət göstərsinlər. Biz nəzərə almalıyıq ki, Rusiyanın Avropa ölkələrində müəyyən lobbiləri var. Rusiya müxtəlif vasitələrdən istifadə edir ki, Ukrayna məsələsində Avropa İttifaqı vahid mövqedən çıxış edə bilməsin”.
Bir sözlə, Əli Mustafayev hesab edir ki, müxtəlif amillər Aİ-inin Rusiyaya münasibətdə nisbətən yumşalmasına öz təsirini göstərir.
Vidadi ORDAHALLI