Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfər edərək ölkə rəsmiləri ilə görüşlər keçirib. Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Lavrov matbuat konfransında çoxsaylı məqamlara toxundu. Xüsusən də Rusiya ilə Ermənistan arasında bir sıra sahələrdə əməkdaşlıq sferasının genişləndirilməsindən bəhs etdi. O qeyd etdi ki, həmkarı Mirzoyanla aprelin 19-da iki ölkə arasında imzalanan 30 bəndlik sazişi geniş təhlil ediblər. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən Ermənistanda rus dili məktəbləri şəbəkəsinin genişləndirilməsi, rus dili müəllimlərinin kvalivikasiyasının artırılması ilə bağlı tədbirlər, nəqliyyat, logistika, atom enerjisi, yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşməsi ilə bağlı anlaşma əldə olunub.
Lavrovun sözlərinə görə, Paşinyanın aprel səfəri zamanı bir sıra sənədlər imzalanıb: “Biz razılaşdıq ki, bütün sahələrdə yüksək iş tempini hər cür şəkildə qoruyaq. Builki planlara baş nazirin müavinləri Overçuk və Qriqoryanın sədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi daxildir, onlar həmçinin regionlararası forum, gənclər forumu keçirmək niyyətindədirlər. Biz İrəvanın mərkəzində Rusiya-Ermənistan dostluğuna dair “Əsrlər boyu birlik” abidəsini qoymağa hazırlaşırıq”.
Lavrov xatırladıb ki, iyunun 10-da Rusiyada Ermənistan Mədəniyyəti Günləri başlayacaq, ilin ikinci yarısında isə Ermənistanda Rusiyanın Mədəniyyət Günləri keçiriləcək.
Lavrov xüsusilə vurğuladı ki, Ermənistanın əsas iqtisadi tərəfdaşı, ora sərmayə qoyan dövlət Rusiyadır. Ən təəccüblüsü odur ki, A.Mirzoyan yenidən Rusiyaya dəvət edildi. Halbuki, aprel ayında tərəflər Rusiyada, may ayında isə Tacikistanın paytaxtı Düşənbədə görüşüblər. Buna rəğmən bir də Mirzoyan Moskvaya çağırılır.
Bütün bunlar o deməkdir ki, Rusiya Ermənistanla yeni münasibətlər mərhələsi açmaq istəyir. Belə baxanda Ermənistanda rusdilli əhali yoxdur, o zaman rus dili məktəbləri şəbəkəsinin genişləndirilməsi nəyə lazımdır? Atom enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə də anlam vermək çətindir. O mənada ki, Ermənistan ərazicə kiçik ölkədir, iqtisadiyyatı böyük deyil. Üstəlik, Avropa İttifaqı “Metsamor” AES-in bağlanması ilə bağlı çağırış edib. 2025-ci ilə qədər AES-in bağlanacağı ilə bağlı Ermənistan söz verib və hətta bu məqsədlə bu ölkəyə qrant da ayrılıb. Belə olan halda AES-in yenidən işə salınmasının nə mənası var? Digər tərəfdən, Ermənistanın açıq dənizə çıxışı yoxdur, mühüm tranzit qovşağında yerləşmir. Üstəlik, Zəngəzur dəhlizi işə düşməyib ki, deyəsən daşımalar olacaq. Belə olan halda Ermənistanın hansı logistik əhəmiyyətindən söhbət gedə bilər? Ermənistanın nə sənayesi var ki, bir də Rusiya bu ölkə ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq etsin? Əslində tərəflərin yüksək texnologiya sahəsində əməkdaşlığı şübhəlidir.
Bütün halarda Rusiyanın Ermənistanla münasibətlərində yeni mərhələ açmaq istəyinin arxaslında nə dayanır? Bütün bunlar nə ilə bağlıdır?
“Erməni cəmiyyəti ölkənin inkişafını Rusiya ilə yox, Qərblə yaxınlaşmaqda görür”
Məsələyə münasibət bildirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynovun fikrincə, son aylar Rusiyanın Ermənistanla bağlı belə aşırı canfəşanlıq etməsinin arxasında bir sıra faktorlar dayanır: “Əvvəla, Cənubi Qafqazda Rusiyanın əsas dayaq məntəqəsi Ermənistandır. Çünki Rusiya hərbi baxımdan bu ölkədə təmsil olunur. Bu çox önəmli faktordur. Ermənistan Rusiyanın patronu olduğu Aİİ və KTMT-də təmsil olunur. Bütün bunlara rəğmən, 2018-ci ildən başlayaraq Ermənistan uğrunda Qərblə Rusiya arasında geosiyasi mübarizə kəskinləşir. Qərb bütün vasitələrlə çalışır ki, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarsın. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi də bu ssenarinin tərkib hissəsidir. Rusiyada fikirləşirdilər ki, bir yerə qədər Azərbaycanın öz ərazilərini güc yolu ilə azad etməsinə mane olmamaları Paşinyanın devrilməsi ilə nəticələnəcək. Ancaq bunun tam əksi baş verdi. 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində Paşinyan qalib gələrək hakimiyyəti əlində saxladı. Bu, görünməmiş hadisə idi. O mənada ki, müharibədə məğlub olan bir lider yenidən seçkidə qalib gəldi. Baş verənlər onu göstərdi ki, erməni cəmiyyəti ölkənin inkişafını Rusiya ilə yox, Qərblə yaxınlaşmaqda görür. Məhz bundan sonra Rusiya daha da narahat olmağa, digər vasitələri işə salmağa başladı. Köçəryan və Sarkisyanın timsalında revanşistləri təşkilatlandırır. Baxmayaraq ki, onların sosial bazası zəifdir. Rusiyanı ən çox narahat edən məqam Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlar, əldə olunan bəzi razılaşmalardır. Üstəlik Aİ, proses ardıcıl gedəcəyi təqdirdə, Ermənistana böyük maliyyə yardımı vəd edir. Rusiya isə əldə olunan razılaşmaların praktiki mərhələyə keçməsinə mane olur. Ən başlıcası isə, Kreml çalışır ki, təşəbbüs onların əlində olsun. Bu səbəbdən Ermənistanı şirnikləndirmək üçün müxtəlif vədlər verir, siyasi manevrlər edir. Çünki Rusiya Ermənistandan çıxsa, Cənubi Qafqaz onun təsirindən çıxacaq. O üzdən Kreml Ermənistanı yeni formada Rusiyaya bağlamaq istəyir. Baxın, Lavrov İrəvana gələndən bir neçə dəqiqə əvvəl ABŞ-ın Ermənistandakı səfiri hökumətlə danışıqlar keçirir. Bu əsla təsadüf ola bilməz”.
O üzdən, partiya sədri hesab edir ki, bütün həngamə buna görədir.
Vidadi ORDAHALLI