Avropa Parlamenti Türkiyə ilə bağlı illik hesabatını qəbul edib. 448 deputatın lehinə səs verfiyi həmin sənəddə Türkiyənin Ermənistanla münasibətlərinə və erməni “soyqırımını” tanınmasına da toxunulub.
Hesabatda Avropa Parlamentinin 2015-ci il hesabatına istinad olunur və Türkiyə erməni “soyqırımını” tanımağa çağırılır.
Avropa Parlamenti narahatdır ki, Türkiyənin son illərdəki xarici siyasəti, Qafqaz da daxil olmaqla, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti prioritetlərinə ziddir.
Avropa Parlamentinin hesabatında Türkiyə hakimiyyəti ölkədəki ermənilərin və digər azlıqların acınacaqlı vəziyyətinin effektiv həlli üçün səyləri gücləndirməyə çağırılır.
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyə ilə bağlı Hesabatına sərt reaksiya verib.
Türkiyə XİN Avropa Parlamenti Baş Assambleyasının qəbul etdiyi hesabatla bağlı “Ölkəmizlə Aİ arasındaki əlaqələrin qarşılıqlı səylərlə gücləndirilməsinə ehtiyac duyulduğu bir vaxtda Aİ-nin dayaz və qeyri-uzaqgörən bir yanaşma ilə bu ehtiyaca məhəl qoymayaraq hesabatda qərəzli və həqiqətdən uzaq davranmasını qəbul etmir və rədd edirik” şəklində bəyanat yayıb.
Bəyanatda deyilir:
“Terror təşkilatı üzvlərinin AP daxilində yuva quraraq terror təbliğatı aparmasına belə dözən AP-nin bu münasibəti əslində təəccüblü deyil. AP beləcə Türkiyə ictimaiyyəti qarşısında həm etibarını, həm də inandırıcılığını itirib. Bu səbəblə hesabatda yer alan ölkəmizlə bağlı demokratiya, hüququn aliliyi və insan haqlarıyla bağlı iddialar ilə Egey, şərqi Ağdəniz və Kipr məsələlərində bir-iki Aİ üzvünün dar düşüncəli, mənafe güdən cəhdlərini əks etdirən əsassız fikirlərin bizim üçün heç bir hökmü yoxdur”.
Avropa Parlamentinin erməni kartı ilə Türkiyəyə etdiyi bu təzyiqlər maraqlı dönəmə təsadüf edir. Türkiyə terrorçu təşkilat üzvlərinə dəstək verdiklərinə görə, Avropanın iki ölləsinin NATO-ya qəbul edilməsinə etiraz edir. Suriyanın şimalında terrorçularla qarşı prinsipial mübarizəyə girişib. Məhz bu məsələlərdə Türkiyəni geri çəkilməsi üçün, Avropanın erməni variantını məqsədli şəkildə ortaya atdığı qənaətinə gələ bilərikmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Parlamenti bu günlərdə Türkiyə ilə bağlı qəbul etdiyi illik hesabatda açıq mətnlə Türkiyənin son illərdəki qlobal oyunçu kimi təşəbbüslərindən, aktiv xarici siyasətindən narahatlığını dilə gətirib: “Bunu etiraf olaraq qəbul etmək lazımdır.
53 bənddən ibarət olan hesabatda daxili siyasətdə dövlətin zəifləməsinə hesablanmış bəndlərdən başqa Türkiyənin Aralıq dənizi, Yaxın Şərq, Qafqaz və Balkanlar siyasətinin tənqidi və bu bölgələr üzrə xarici siyasətinin milli hədəflərinin vurulmasına yönəlik təqdimat edilib. AP Türkiyənin, Qafqaz da daxil olmaqla, bütövlükdə xarici siyasətini Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti prioritetlərinə ziddir hesab edir.
Baxmayaraq ki, Ermənistanın daxili rəsmi təbliğatı və erməni lobbisi Avropa Parlamentinin bu hesabatını az qala erməni maraqlarınin ifadəsi olan sənəd kimi təqdim edib. Daxili auditoriya üçün “hökümətin uğurlu xarici siyasət qurması” haqqında nağıllar danışır.
Əslində 53 bənddən ancaq biri Ermənistan-Türkiyə münasibətlərinə həsr edilib. Qətnamənin bu bəndi Türkiyənin Ermənistanla münasibətlərinin inkşafı mərhələsində erməni “soyqırımı” ətrafında mübahisələri aydınlaşdırmağa, Türkiyə hakimiyyətini ölkədəki ermənilərin və digər azlıqların acınacaqlı vəziyyətinin effektiv həlli üçün səyləri gücləndirməyə çağırır.
Avropa Parlamentində kök atmış erməni lobbisi isə Türkiyə ilə Aİ üzvlük münasibətlərindəki mövzular üzərində erməni maraqlarının təşviqini aparmağa cəhd edirlər. Məsələn, Avropa Parlamentinin deputatları Türkiyənin Ukraynadakı müharibədə vasitəçi rolunu alqışlayıb və çətin bir zamanda Türkiyə və Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti məsələlərində birgə işləməsinin vacibliyini vurğulayıb. Türkiyəyə bu sahədə NATO və Aİ ilə sıx əlaqələrə görə təşəkkür ediblər.
Paralel olaraq, Türkiyə hökumətini Finlandiya və İsveçin NATO-ya üzvlük iddiaları ilə vicdanlı davranmağa və üzvlük prosesi zamanı iki ölkəyə və hərbi təşkilata yersiz təzyiqlərdən çəkinməyə çağırıblar.
AP-dəki erməni lobbisi isə Türkiyə hökumətini Finlandiya və İsveçin NATO-ya üzvlük danışıqlarında şərt kimi “erməni genosidi” mövzusunu pərçimləməyə çalışdılar.
Ancaq onu da qeyd etmək lazımdır ki, erməni şəbəkəsi bir “uğura” imza atıb. Türkiyə XİN başçısı Çavuşoğlunun Uruqvayın paytaxtı Montevideoyda rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra ona etiraz edən ermənilərə Boz Qurd işarəsi göstərməsinə Avropa Parlamentində cavab verdilər.
Avropa Parlamentindəki bu şəbəkə Avropa İttifaqı və üzv dövlətləri ölkələrdə Boz Qurdların qadağan edilməsini nəzərdən keçirməyə çağırdı. Bütün bunlar həm də Türkiyəni Şimali İraqdakı fəallıqdan çəkinməyə yönələn təzyiq metodlarıdır”.
Məhəmmədəli QƏRİBLİ