Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrel bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə dəstəyi böyük əhəmiyyət kəsb edir.
Borrel bunu belə əsaslandırıb: “Avroittifaq bu müharibədə qələbə qazanması üçün Ukraynanı dəstəkləməyə davam edir. Biz “Şərq Tərəfdaşlığı” ölkələri ilə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətimizi açıq şəkildə bəyan edirik. Bu gün Ukrayna, Moldova, Gürcüstan və digər Cənubi Qafqaz ölkələrinin dəstəklənməsi heç vaxt olmadığı qədər vacibdir. Biz Gürcüstana və Moldovaya hərbi yardım tədbirlərini gücləndirməyi təklif etdik. Bu tədbirlər çərçivəsində logistika, kibermüdafiə sahəsində dəstək, hərbi-tibbi, mühəndislik və mobil imkanlar nəzərdə tutulur. Müharibə Kiyev üçün məqbul olan şərtlərlə və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə başa çatmalıdır”.
Aİ rəsmilərinin bu kimi çıxışları Rusiyanı Cənubi Qafqaz ölkələrinə münasibətdə qıcıqlandıra, aqressivləşdirə bilərmi? Necə deyərlər, Ukraynanı “xoşbəxt” elədilər, qaldı Cənubi Qafqaz?
“Heç şübhəsiz, Aİ rəsmilərinin belə çıxışları Rusiyanın hərbi və siyasi elitasında müəyyən qıcığa səbəb olacaq”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov bütün bunlara bir neçə aspektdən yanaşdı: “Avropa İttifaqının bütövlükdə Cənubi Qafqaza münasibətdə səmimi olmadığını düşünürəm. Çünki Aİ-nin timsalında bu günə region ölkələrinə münasibətdə böyük ayrı-seçkiliklər özünü göstərib. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə qədər işğal altında saxlanılmasına Aİ tərəfindən göz yumulub. Baxmayaraq ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan mədəniyyətinə, azərbaycanlılara, ekosistemə qarşı törədilən vandalizm hallarına qarşı Aİ tərəfindən hansısa etiraz səsləndirilməyib. O baxımdan hesab edirəm ki, Aİ Cənubi Qafqazla əməkdaşlığı dərinləşdirmək barədə düşünərkən ilk öncə ölkələr arasında tətbiq etdiyi ayrıseçkiliyə son qoymalıdır. Həmçinin bu gün Ukraynadakı müharibədən sonra Rusiyanın öz enerji məhsullarını ancaq rublla satması qərarı düşünürəm ki, Aİ-ni alternativ bazarlar axtarmağa məcbur edir. Bütövlükdə, Aİ-nin Cənubi Qafqaz, Gürcüstan və Moldova ilə bağlı özəlliklə səsləndirdiyi fikirlərin də indiki situasiyaya uyğun yaranmış çətin vəziyyətdən çıxış yolu axtardıqlarının göstəricisi hesab edirəm. Heç şübhəsiz, Aİ rəsmilərinin belə çıxışları Rusiyanın hərbi və siyasi elitasında müəyyən qıcığa səbəb olacaq. Çünki Kreml istəmir ki, Cənubi Qafqaz ölkələri Aİ ilə yaxın əməkdaşlıq qursun. Xüsusən də hərbi müstəvidə yaxınlaşmanı istəmirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, hər bir müstəqil ölkənin öz xarici siyasət bucağını müəyyənləşdirmək hüquqları var. Üstəlik, Ukrayna müharibəsindən sonra Rusiyanın özünün geostrateji gücünü nümayiş etdirmək üçün bundan sonra hansı təxribatlara əl atacağını düşünmürəm. Ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, düşünülmüş rasional xarici siyasət kursu yeridən Azərbaycan kimi ölkələr Aİ-nin və digər güc mərkəzlərinin də siyasi situasiyaya uyğun olaraq necə davrandığını yaxşı analiz etməyi bacarır”.
Bu baxımdan politoloq hesab edir ki, Azrbaycan modeli digər ölkələr üçün də örnək olmalı və xarici siyasətdə balansı qorumalıdırlar.
Vidadi ORDAHALLI