Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.
Bu barədə Rusiya Federasiyası hökumətinin saytı xəbər yayıb:
“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”.
Baş nazirlərin müavinləri, həmçinin, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə edib: “Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”.
Göründüyü kimi, söhbət Naxçıvana avtomobil yolunun açılmasından gedir. Belə olacağı təqdirdə dəmir yolunun taleyi necə olacaq? Ermənistan belə razılığı verirsə, deməli, nisbətən konstruktiv yol tutduğu qənaətinə gəlmək olarmı?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moskvada keçirilən son üçtərəfli görüşü müəyyən qədər uğurlu saymaq olar: “Proseslər çox ağır gedir. Bundan sonra da müəyyən vasitələrlə davam edəcək. Çox təəssüf ki, Avropa İttifaqı da bu məsələdə bizim ədalətli mövqeyimizi müdafiə etmək istəmədi. Bunun da nəticəsi bu oldu ki, kommunikasiyalar açılanda dövlətlərin suverenliyi gözlənəcək. Yəni bu o deməkdir ki, Zəngəzur dəhlizi olmayacaq. Yollar açılacaq, ancaq dəhliz olmayacaq. Azərbaycan məcburdur ki, Laçından keçən yola eyni statusu versin. Avtomobil yolları ilə bağlı irəliləyiş var. Bizim Prezident dəfələrlə deyib ki, ermənilər avtomobil yolunun keçəcəyi marşrutu bizə bildirmir. İndi bu istiqamətdə müəyyən irəliləyişlər varsa, deməli, nələrsə konkretləşib. Dəmir yolu ilə bağlı razılaşma əvvəlcədən olub. Ermənilər buna etiraz etməyib, ancaq avtomobil yoluna qətiyyən razı olmurdular. Bu məsələdə Ermənistanın maliyyə problemi ortaya çıxır. Hardasa 230 milyona yaxın vəsait tələb olunurdu. Ermənistanın qeyri-konstruktivliyi, maliyyə probleminin olması və Avropa Birliyinin Ermənistanı dəstəkləməsi bu prosesi ləngidir. Rusiya da Ukraynada ilişib qaldığı üçün aktiv şəkildə bu prosesə qoşula bilmir. Mütləq bir təzyiq göstərə bilən gücə ehtiyac var. Bu imkanlar da məhz Rusiyadadır. Hər halda, irəliyə doğru addımlar nəzərə çarpır. Avropa İttifaqının Sülh Sazişi ilə bağlı hər-hansı bir uğura imza atacağına inanmıram. Delimitasiya məsələsindən fərqli olaraq, kommunikasiya məsələsində Avropa İttifaqı real iş görə bilər. Çünki ciddi maliyyə imkanlarına sahibdir”.
Məhəmmədəli QƏRİBLİ