Qərbin Rusiyaya qarşı sanksiyaları, digər sahələrlə yanaşı, onun hərbi-sənaye kompleksinə də ciddi şəkildə təsir edir. Bundan başqa, Rusiyanın hərbi-sənaye kompleksi müəssisələri hələ Ukrayna müharibəsindən əvvəl də ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələrin məhdudiyyətləri altına düşən ilk müəssisələr arasında idi.
Bu tədbirlər nəticəsində indi Rusiya müdafiə sənayesi təyyarə və vertolyotlar üçün mühərriklərin, hərbi texnika üçün elektron cihazların istehsalı ilə bağlı çətinliklərlə üzləşməyə başlayıb. Bu, Rusiyada yeni təyyarələr, tanklar, gəmilər və sair istehsalında ciddi çətinliklərin yaranması ilə müşayiət edilir.
Hərbi arsenala tələbatı bu vaxta kimi Rusiya hesabına dolduran Kremlin müttəfiqləri üçün Moskvaya qarşı sanksiyalar qeyd edilənlər fonunda kifayət qədər xoşagəlməz xəbərdir. Digər tərəfdən, Rusiya hərbi istehsalını indi daha çox Ukraynada keçirilən əməliyyata yönəldir. Bu halda istehsal üçün komponentlərin çatışmazlığı da digər ölkələrə müdafiə təyinatlı məmulatların çatdırılmasına mənfi təsir edir. Elə bu fonda ciddi problemlərlə üzləşən ölkələrdən biri də Ermənistandır. Ermənistan həm KTMT çərçivəsində, həm də ikitərəfli müqavilələr əsasında Rusiyadan silah və hərbi texnika alan müttəfiqlərdən biridir. Mövcud vəziyyət isə Ermənistana silah və hərbi texnika tədarükünə mənfi təsir edir. Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxovun sözlərinə görə, obyektiv çətinliklərə baxmayaraq, Ermənistanın Rusiya üçün əhəmiyyəti və rolu elədir ki, silah və bütün zəruri hərbi məhsulların tədarükü davam edəcək. Amma indi bu tədarükdə fasilələr yaranacaq. Ekspert hesab edir ki, Rusiyanın qarşısını almaq, onu bir sıra beynəlxalq formatlardan sıxışdırmaq üçün Qərbin kütləvi kampaniyasə Kremlin İrəvanla da qurduğu hərbi-texniki əməkdaşlıq sisteminə də təsir edəcək: “Rusiya beynəlxalq silah bazarlarından sıxışdırılacaq və hərbi sənaye kompleksinin son illər ərzində hər il qazandığı 15 milyard dolları təmin edə bilməyəcək. Digər amil isə Ukraynada xüsusi hərbi əməliyyatın ləngiməsi ilə bağlıdır. İnsan və texnika sarıdan əhəmiyyətli itkilər var və Rusiya bu itkiləri ödəməli olacaq. Bu da xaricə, o cümlədən müttəfiqlərə silah çatdırılmalarına mənfitəsir edəcək. Qiymətlər də artacaq, çatdırılma müddətində gecikmələr olacaq”. Eyni zamanda, ekspertə görə, Rusiyanın müttəfiqləri iki kateqoriyaya bölünür. Birinci kateqoriya Belarus, ikinci kateqoriya bütün digər müttəfiqlərdir: “Rusiyanın NATO ilə münasibətləri çox gərgindir və Belarus qərbdə irəliyə doğru qaladır, ona görə də Moskva Minski silahla, o cümlədən öz ehtiyacları hesabına təmin etməkdən imtina etməyəcək. Rusiya daha çox özünə nəsə əlavə etməyəcək, amma birinci eşelonda olan ölkə silah, ehtiyat hissələri və hər şeyi təmin edəcək. Ermənistana gəlincə, onun cənubda strateji əhəmiyyəti olub. Türkiyənin bölgədə güclənməsi fonunda Ermənistan əhəmiyyətli ölkə idi. Amma Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi ilə vəziyyət dəyişib”.
Puxov qeyd edir ki, Ermənistanın Cənubi Qafqazda yerləşməsi və fövqəladə hallarda Rusiya ilə birlikdə Türkiyəyə hərbi təzyiq göstərə bilməsi onu əvvəllər Moskvanın gözündə əvəzsiz müttəfiq edirdi. Amma vəziyyət dəyişib və ekspert buna görə də hesab edir ki, Rusiya Ermənistana lazımi silah-sursat verməkdən və ordusunu gücləndirməkdən Ukraynadkı əməliyyat səbəbindən imtina edə bilər. Erməni ekspert Karen Vrtanesyan da Ermənistan Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı o qədər də nikbin deyil. Onun sözlərinə görə, Rusiya sanksiyalar və Ukraynada keçirilən xüsusi əməliyyat şəraitində digər ölkələrə fasiləsiz təchizat təmin etmək iqtidarında deyil: “Bundan başqa, anlamaq lazımdır ki, Ermənistan hakimiyyətinin ordu qurmaq istəyi varmı? Düzünü desəm, Ermənistanın hazırkı rəhbərliyinin ordunu yenidən silahlandırmaq, onun arsenalını artırmaq üçün hər hansı tədbir gördüyünə əmin deyiləm. Ən azı, biz yeni müqavilələrin imzalandığını, yeni tədarükü görmürük. Digər mühüm amil Rusiyanın Ukraynada xüsusi əməliyyatıdır. Ukraynada Rusiya böyük həcmdə rus silahları, texnikası, raketləri, mərmiləri, bombaları və sair sərf edir”. Vrtanesyan hesab edir ki, bütün Rusiya müdafiə sənayesi hazırda Ukraynadakı döyüşlər üçün ehtiyatları artırmaq üzərində işləyir. Bunu nəzərə alaraq, o, Moskvanın yaxın gələcəkdə xarici bazarlara, o cümlədən də Ermənistana xidmət edəcəyinə şübhə edir: “44 günlük müharibədən sonra bu ilin yanvarında müasir vertolyotlar partiyasının ötürülməsi ilə bağlı hesabat istisna olmaqla, Ermənistana əhəmiyyətli dərəcədə silah tədarükü barədə məlumat yox idi. Buna baxmayaraq, hələ aprel ayında Müdafiə Nazirliyi bildirmişdi ki, hərbi tədarüklər imzalanmış müqavilələr əsasında həyata keçirilir. 44 günlük müharibədən əvvəl hətta əsgərlərin qida rasionunda dəyişikliklərin olduğunu bildirən Ermənistan rəhbərliyi indi susmağa üstünlükk verir”. Hesab edilir ki, Ermənistan ordunun maddi-texniki təminatında hələ müəyyən müddət problem yaşamaqda davam edəcək. Digər ölkələrdən silah almaq üçün isə Ermənistanın pulu yoxdur.
Nahid SALAYEV