Ermənistan qocalmış ölkələr sırasındadır. Başqa sözlə, ölkə əhalisinin sayı durmadan azalır və bu, ölkənin ümumi potensialına təsir edir. BMT-nin Əhali Fondunun yaydığı məlumatına görə, Ermənistan gənclərin azalmasına görə dünyada birinci yerdədir. Qeyd edilir ki, gənclər hər bir dövlətin hərəkətverici qüvvəsi hesab olunur və gənclərin sayının azalması ilə dövlətin imkanları da azalır. Mütəxəssislərin fikrincə, illər sonra Ermənistanda elə bir mənzərə yarana bilər ki, yaşlıların sayı gənclərin sayından çox ola bilər.
Təkcə 2021-ci illə müqayisədə Ermənistanın daimi əhalisinin sayı 2300 nəfər azalıb. Belə ki, 2022-ci il aprelin 1-də ölkə əhalisinin sayı 2 milyon 961 600 nəfər, 2021-ci ilin uyğun dövründə bu rəqəm 2 milyon 963 900 nəfər olub. Bütün bunlar Ermənistan üçün ciddi yükə çevrilə bilər. Çünki nisbətən az sayda gənc işçilər tərəfindən ödənilən vergilər nəticəsində dövlət onların sayından qat-qat artıq olan pensiyaçıların sosial müdafiəsi məsələsini öz üzərinə götürə bilməlidir. Demoqrafik tənəzzülə isə doğum, ölüm, evlənmə, miqrasiya kimi amillər təsir edir. Bu amillərə müharibə vəziyyəti, sosial-iqtisadi vəziyyət, əhalinin mənəvi-psixoloji mühiti və s. daxildir.
“Resursları məhdud və önəmli strateji əhəmiyyəti olmayan bir ölkə üçün bu, qaçılmaz fəlakətdir”
Ermənistanda baş verənləri şərh edən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov hesab edir ki, prinsipcə, orada demoqrafik vəziyyətin ağırlaşacağı gözlənilən idi: “Çünki qonşu dövlətlərlə düşmənçilik siyasəti aparan bir ölkə buna məhkumdur. Ermənistan kimi resursları məhdud və önəmli strateji əhəmiyyəti olmayan bir ölkə üçün bu, qaçılmaz fəlakətdir. Çünki gənclər qabiliyyətli əhalinin nüvəsini təşkil edir. Məsələ ondadır ki, ermənilər ağır sosial-iqtisadi vəziyyətə görə miqrasiya edir. Özü də miqrasiya ölkə daxilində getmir. Əhali məhz xarici ölkələrə üz tutur. Bunların da başında Rusiya gəlir. Bu da təəccüblü deyil ona görə ki, Rusiyada çoxsaylı erməni yaşıyır. Şimali Qafqazın bir sıra şəhərlərində isə ermənilər kompakt yaşayır. 44 günlük Vətən müharibədən sonra Ermənistanda ümidsizlik artıb. Bunu ermənilər açıq etiraf edirlər. Düzdür, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan doğum səviyyəsini stimullaşdırmaq üçün müəyyən addımlar atdı. Ancaq bu addımlar ölkənin potensialına adekvat olmadı. Daha sonra pandemiya və müharibə onların bir sıra planlarını pozdu. Üstəlik Ukrayna müharibəsi ilə əlaqədar dünyada müşahidə olunan qiymət bahalaşması da buna öz təsirini göstərir. Deməyim odur ki, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsinin kökündə çoxsaylı səbəblər var. Onların hər biri bu və ya digər formada bir-biri ilə əlaqəlidir”.
Bu səbəbdən partiya sədri hesab edir ki, problemin yaxın illərdə öz həllini tapacağı real görünmür.
Vidadi ORDAHALLI