Ermənistanın baş naziri Nikol Paşinyan Soçidən keçiriləcək görüşün ərəfəsində bir sıra əsassız fikirlərin yer aldığı müsahibə verib. Həmin müsahibədə Nikol Paşinyan qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edir. O bununla öz fikrini əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur və həmin bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib.
Qeyd edək ki, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb. Bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Nikol Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın korridoruna münasibətdə işlədilib. Amma o bununla yaddan çıxarır ki, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən. Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan dilemma qarşısında qaldığı səbəbindən bir-birilə uyuşmayan bəyanatlar verir: “Paşinyan çox gözəl anlayır ki, müxtəlif bəhanələrlə prosesi yubatmağın mənası yoxdur. Sadəcə, daxili auditoriyada özünü bir qədər barışmaz qələmə vermək istədiyi səbəbindən müxtəlif manevrlər edir. Bir sözlə, söz oyunu ilə məşğuldur. Buna həm də çığallıq demək olar. MDB Dövlət Başçıları Şurasının toplantısında Paşinyan birmənalı şəkildə söylədi ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvana dəmir yolu və avtomobil yolu xəttinin çəkilməsi ideyasını dəstəkləyirlər. Bu o deməkdir ki, kommunikasiyaların bərpasını dəstəkləyirlər. Paşinyan anlayır ki, regionda “Zəngəzur dəhlizi”nin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. O, “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən çəkinir. Ancaq “Zəngəzur dəhlizi”nin açılması labüddür. Çünki bu, Ermənistanın özü üçün hava-su kimi lazımdır.
Paşinyan ondan ehtiyatlanır ki, “Zəngəzur dəhlizi” ifadəsini dilə gətirsə, əleyhdarları onu növbəti kapitulyasiya sənədinə imza atmaqda, Qərbi Zəngəzuru Azərbaycana təhvil vermək istəyində ittiham edər. Elə hesab edirlər ki, Azərbaycan Zəngəzur dəhlizindən keçidi təmin etməklə həm də həmin əraziyə sahiblənəcək. Ermənistan müxalifəti bu cür mövzu ilə manipulyasiya edərək Paşinyana təzyiq göstərir. Ona görə də Paşinyan indi “Zəngəzur dəhlizi” ifadəsini işlətmək istəmir. Amma alternativ yoxdur. “Zəngəzur dəhlizi” mütləq işə düşməlidir.
Paşinyan istəsə də, istəməsə də,“Zəngəzur dəhlizi” işə düşəcək. Azərbaycan bu istiqamətdə həlledici addımlar atıb. Horadiz-Ağbənd dəmiryol xətti artıq çəkilir və eyni zamanda Ordubad-Naxçıvan dəmiryol xətti yenidən qurulur, artıq başa çatmaq üzrədir. Ermənistan bilməlidir ki, əgər onlar Azərbaycan ərazisindəki “Laçın dəhlizi”ndən neçə istifadə edirlərsə, Azərbaycan da, eyni hüquqla “Zəngəzur dəhlizi”ndən istifadə edəcək. Hazırda Azərbaycan reallıqlar yaradır. Necə ola bilir ki, belə güclü ölkə öhdəliyə riayət edir, zəif Ermənistan isə söz oyunundan istifadə etməklə prosesdən yayınmağa çalışır? Bu mümkün olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ